Ekspertin sözlərinə görə, uğursuz şagird anlayışı doğru deyil: “Uğursuz mühit ola bilər. Elə müəllim var ki, uşaqla səmimi mühit yaradaraq öz fənnini ona sevdirə bilir. Şagirdlər mühitə tez uyğunlaşırlar. Əgər düşdüyü mühit uğurludursa, elmli, bacarıqlı, bilikli uşaqlar formalaşır. Yox əgər uşaq çətin tərbiyə edilən uşaqlarla ünsiyyətdədirsə, bu, əlbəttə ki, uğursuz nəticəyə gətirib çıxaracaq.”
Təhsil eksperti Məzahir Məmmədli “Tehsil365”ə açıqlamasında deyib: “Bəzi məktəblər var ki, orada tədris proqramına uyğun ayrı-ayrı müəllimlərin metodiki yanaşmaları mövcuddur. Məsələn, bir fənn üzrə məktəbin uğurlu nəticəsi ola bilər. Necə ki, respublika üzrə nümunələr var — ucqar kəndlərdə belə kimya, biologiya və ya riyaziyyat üzrə hazırlıqlı şagirdlər yetişir, müəllimləri onları olimpiyadaya qədər hazırlayır. Elə məktəblər də var ki, tarix sahəsində daha çox inkişaf müşahidə olunur. Bu, müəllimlərin şagirdə biliyi necə çatdırmasından və onlarla münasibətlərindən çox asılıdır.”
Məmmədli əlavə edib ki, bütün fənlər vacibdir: “Təhsil məktəblərində boş yerə fənn tədris olunmur. Nə xoş o şagirdin halına ki, bütün dərslərini yaxşı oxusun, müvəffəq olsun və nəticədə həm elmə fayda verə bilsin, həm də sabah əmək bazarında iş tapa bilsin.”
Ekspertin fikrincə, şagirdlərin uğuru onların düşdüyü mühitdən, müəllimlərin yanaşmasından və valideynlərin dəstəklərindən birbaşa asılıdır.

