Azərbaycan Dillər Universitetinin (ADU) Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasının dosenti Rəna Rəcəbli və baş müəllimi Fidan Ələsgərova 20–24 aprel tarixlərində “Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” adlı layihə çərçivəsində təşkil olunan təlim proqramında iştirak ediblər.
“Tehsil365” xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları üçün elan etdiyi qrant müsabiqəsi çərçivəsində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən həyata keçirilən layihə üzrə təşkil olunan təlim 5 gün müddətində davam edib.
Aprelin 24-də keçirilən yekun modul çərçivəsində ADU-nun müəllimləri “Ənənəvi tekstil, naxış və simvolika mədəniyyəti” adlı modul üzrə qrup layihəsini təqdim ediblər. Təqdimat zamanı ADU nümayəndələri “baramaçılıq” mövzusunda çıxış ediblər.
Dosent Rəna Rəcəbli baramaçılığın Çində yaranması və Azərbaycanda inkişaf tarixi haqqında maraqlı məlumat verib. Baş müəllim Fidan Ələsgərova isə Prezident İlham Əliyev tərəfindən baramaçılığın inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti, həmçinin Azərbaycanda bu sahədə fəaliyyət göstərən kümçülərin töhfələri barədə ətraflı danışıb.
Proqramın sonunda ADU müəllimlərinin təqdim etdiyi layihə elmi əsaslandırma, mədəni uyğunluq, estetik quruluş, komanda işi və təqdimat bacarıqları kimi meyarlar üzrə qiymətləndirilib. Qiymətləndirmə prosesi həm fasilitativ, həm də summativ xarakter daşıyıb və uğurla yekunlaşıb.
Sonda ADU-nun müəllimləri təlim proqramını uğurla başa vuraraq sertifikatla təltif olunublar.

