Aprelin 28-də Azərbaycan Dillər Universitetinin (ADU) Linqvokulturologiya kafedrasının təşkilatçılığı ilə “Dil, mədəniyyət və ünsiyyət” mövzusunda elmi seminar keçirilib. Seminarın məruzəçisi professor Mahirə Hacıyeva dilin yalnız ünsiyyət vasitəsi deyil, həm də dünyagörüşünü formalaşdıran əsas mexanizm olduğunu vurğulayaraq, dil və reallıq münasibətləri, linqvistik nisbilik prinsipi, dilin identikliklə bağlılığı, mədəni kodların daşıyıcısı kimi rolu, həmçinin posthuman dövrdə dilin inkişafı kimi mühüm məsələləri geniş şəkildə təhlil edib. O qeyd edib ki, dil bizim dünyanı hansı şəkildə qavradığımızı müəyyən edir və “dilin sərhədi dünyanın sərhədidir” ideyası bu kontekstdə xüsusi aktuallıq kəsb edir.
“Tehsil365” xəbər verir ki, Seminar çərçivəsində dilin kimliyin formalaşmasındakı rolu, etnik müxtəliflik və çoxdillilik məsələləri də müzakirə olunub. Bədii ədəbiyyat nümunələri əsasında dilin məhdudlaşdırılmasının düşüncəyə təsiri, oxu və yazının insan identikliyinin qorunmasındakı əhəmiyyəti diqqətə çatdırılıb. Eyni zamanda, mədəniyyətin ədəbiyyatda həm görünən (adətlər, təsvirlər), həm də gizli (dəyərlər, arxetiplər) qatlarda ifadə olunduğu vurğulanıb. Tərcümə prosesində bu “mədəni ruhun” dəyişməsi, bəzi anlayışların tərcüməsi və dillərarası fərqlərin yaratdığı çətinliklər haqqında müzakirələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Seminar interaktiv və dinamik formada təşkil olunub, gənc tədqiqatçılar, kafedraya təhkim olunan magistrantlar və tələbələr müzakirələrə fəal şəkildə cəlb ediliblər. Linqvokulturologiya kafedrasının müdiri professor Vüsalə Ağabəyli çıxış edərək müzakirə olunan aspektlərin elmi əhəmiyyətini vurğulayıb. Təlim və metodologiya şöbəsinin müdiri Mülayim Bağırova belə bir maraqlı müzakirənin iştirakçısı olmaqdan məmnunluğunu ifadə edərək, mədəni kodların tərcüməsi zamanı qarşıya çıxan mürəkkəb məsələlərə toxunub. Kafedranın baş müəllimi Səidə Orucova seminarın bədii ədəbiyyata yeni baxış bucağı qazandırdığını bildirib, kafedranın dosenti Elnarə Putayeva isə dilin linqvistik özəlliklərinin çoxqatlı və mürəkkəb təbiətini qeyd edib.
Seminar ümumilikdə dilin həm birləşdirici körpü, həm də bəzən anlaşılmazlıqlara səbəb olan sədd kimi çıxış etdiyini göstərməklə yanaşı, posthuman dövrdə dildə baş verən funksional dəyişiklikləri və müasir dövrdə gedən proseslər fonunda daşıdığı mürəkkəb rolu əks etdirən zəngin elmi müzakirə platforması olub.

