Odlar Yurdu Universitetində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin nümayəndələrinin iştirakı ilə maarifləndirici tədbir təşkil olunub.
“Tehsil365” xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin nümayəndələri ilə OYU İdarəetmə Şurasının sədri, professor Samir Vəliyev ilə görüş keçirilib.
Tədbirdə Mərkəzin İdarə Heyətinin sədri Yeganə Abbasova, Mərkəzin İdarə Heyətinin sədr müavini Günay Abbasova və həkim-koordinator Mehriban Əliyeva iştirak edərək tələbələrə orqan donorluğunun əhəmiyyəti, bu sahədə aparılan islahatlar və donor mədəniyyətinin formalaşdırılması barədə ətraflı məlumat veriblər. Çıxışlar zamanı vurğulanıb ki, orqan donorluğu insanların həyatını xilas edən mühüm humanitar addımlardan biridir və bu istiqamətdə ictimai maarifləndirmə xüsusi əhəmiyyət daşıyır.
Tədbir çərçivəsində iştirakçılara məlumatlandırıcı videoçarxlar təqdim olunub, mövzu ətrafında fikir mübadiləsi aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.
Odlar Yurdu Universiteti bu cür maarifləndirici təşəbbüsləri yüksək qiymətləndirir və gələcəkdə də bu istiqamətdə əməkdaşlığın davam etdirilməsini vacib hesab edir.

