"Spotify" musiqi platforması musiqiçilər və mahnılar haqqında məlumatların daha şəffaf olması məqsədilə ifaçıların verifikasiyası sistemini istifadəyə verib.
“Tehsil365” platformanın rəsmi saytına istinadən xəbər verir ki, yeni funksiya saxta profillərin qarşısını almağa xidmət edir.
"Bu gündən etibarən biz yeni "Verified by Spotify" ("Spotify tərəfindən yoxlanılıb") nişanını, həmçinin sənətçilərin platformadakı fəaliyyəti barədə əlavə məlumatları beta versiyada təqdim edirik", - deyə rəsmi açıqlamada qeyd olunur.
Bildirilir ki, bu yeniliklər musiqi və ifaçılar haqqında daha geniş təsəvvür yaratmaq və şəffaflığı artırmaq məqsədi daşıyır. Verifikasiya nişanı musiqiçinin profilinin rəsmi olduğunu və platformanın qaydalarına tam uyğun gəldiyini göstərir.
"Spotify" xüsusi olaraq vurğulayır ki, süni intellekt vasitəsilə yaradılmış səhifələr verifikasiyadan keçə bilməyəcək.

