Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Mərkəzinin təşkilatçılığı və Xətai rayonu 260 №-li tam orta məktəbin birgə əməkdaşlığı ilə “Heydər Əliyev və türk dünyası” mövzusunda elmi-maarifləndirici tədbir keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbir ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin, onun Azərbaycan xalqı və bütövlükdə Türk dünyası qarşısındakı müstəsna xidmətlərinin gənc nəslə sistemli şəkildə çatdırılması məqsədi ilə təşkil olunub. Bununla yanaşı, milli birlik və həmrəylik ideyalarının təbliği, bu dəyərlər ətrafında maarifləndirici müzakirələrin aparılması tədbirin əsas istiqamətlərini təşkil edib.
Tədbirin moderatoru Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli açılış nitqi ilə çıxış edərək Heydər Əliyevin dövlətçilik konsepsiyasını Türk dünyası kontekstində dəyərləndirib, onun ortaq tarixi-mədəni bağların möhkəmləndirilməsi, türk xalqları arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi və siyasi əməkdaşlığın inkişafı istiqamətində həyata keçirdiyi siyasətin mahiyyətini diqqətə çatdırıb. O, vurğulayıb ki, Heydər Əliyevin müəyyən etdiyi strateji kurs bu gün də Azərbaycan dövlətinin inkişaf xəttinin əsas dayaqlarından biri olmaqla yanaşı, Türk dünyasında ideya və məqsəd birliyinin güclənməsinə xidmət edir.
Çıxışda eyni zamanda qeyd olunub ki, ümummilli liderin Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi siyasət milli dövlətçilik ənənələrinin formalaşmasında həlledici rol oynamışdır. Bu siyasi kursun davamı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi mühüm nailiyyətlər və tarixi uğurlar gənc nəslin diqqətinə çatdırılmalı olan əsas məqamlardandır.
Adıçəkilən məktəbin direktoru Kəmalə Quliyeva, Xalq şairi Sabir Rüstəmxanlı, millət vəkili Ziyad Səmədzadə, Yunus Emre İnstitutunun koordinatoru Gökhan Seyhan, Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Pənah İmanov və Şəhla Verdiyeva çıxışlarında mövzuya müxtəlif aspektlərdən yanaşaraq Heydər Əliyev irsinin siyasi, ideoloji,iqtisadi və mədəni mahiyyətini şərh edib, onun Türk dünyası ilə bağlı baxışlarının aktuallığını müxtəlif nümunələr əsasında əsaslandırıblar.
Tədbir çərçivəsində qeyd olunub ki, bu kimi elmi-maarifləndirici təşəbbüslərin ümumtəhsil məktəblərində, eləcə də digər təhsil və mədəniyyət müəssisələrində ardıcıl şəkildə təşkili gənclərin milli kimlik, dövlətçilik ənənələri və Türk dünyası ilə bağlı dəyərlər haqqında sistemli biliklərinin formalaşmasına mühüm töhfə verir.
Ümumilikdə tədbir Heydər Əliyev irsinin elmi müstəvidə təhlili, onun Türk dünyası ilə bağlı ideyalarının ardıcıl şəkildə təbliği və gənc nəslin bu istiqamətdə maarifləndirilməsi baxımından məzmunlu və səmərəli elmi-mədəni platforma kimi yadda qalıb.

