Mingəçevir Dövlət Universiteti və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Heydər Əliyev fenomeni: Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi və humanitar modelinin müəllifi” mövzusunda Respublika Elmi Konfransı keçirilir.
“Tehsil365” in bölgə müxbirinin verdiyi məlumata görə, konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər. Sonra universitetin həyətində tələbələrin rəsm əsərləri və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Konfrans Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.
Plenar iclasda çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması və iqtisadi inkişafın əsaslarının formalaşdırılmasındakı müstəsna rolunu vurğulayıb. Qeyd olunub ki, məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünya iqtisadi sisteminə inteqrasiya edilib, mühüm enerji layihələrinin reallaşdırılması ilə ölkənin iqtisadi təhlükəsizliyi təmin olunub və davamlı inkişaf mərhələsinə qədəm qoyulub. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilib və əldə olunan nailiyyətlər Heydər Əliyev siyasi kursunun uğurlu davamıdır.
MDU-nun rektoru Anar Eminov konfransın əhəmiyyətindən bəhs edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi Azərbaycanın müasir inkişaf modelinin fundamental əsasını təşkil edir və bu irsin elmi müstəvidə araşdırılması xüsusi önəm daşıyır. Qeyd edib ki, Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf kursu bu gün də ölkənin siyasi sabitliyinin, iqtisadi tərəqqisinin və humanitar sahədə əldə olunan uğurlarının əsas istiqamətləndirici xəttidir.
Vurğulanıb ki, MDU-da həyata keçirilən elmi tədbirlər, genişmiqyaslı konfranslar milli dövlətçilik ideyalarının təbliği, gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılması və elmi potensialın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Universitetdə formalaşdırılan müasir akademik mühit, beynəlxalq əməkdaşlıqlar və universitet–sənaye inteqrasiyası istiqamətində atılan addımlar elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Sonra Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş videoçarx nümayiş olunub.
Konfransın plenar iclası məruzələrin dinlənilməsi ilə davam edib. MDU-nun Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova “Heydər Əliyevin siyasi liderliyi və Azərbaycan dövlətçiliyinin transformasiyası”, İqtisadiyyat kafedrasının baş müəllimi Günəş Şəfaqətov isə “Müasir Azərbaycan iqtisadiyyatının inkişafında modernləşməyə aparan islahatlar” mövzularında məruzələrlə çıxış ediblər.
Konfrans bu gün və sabah öz işinə bölmə iclasları ilə davam edəcək. Otuzdan artıq təhsil müəssisəsindən olan məruzəçilər tərəfindən 390-dan çox məqalə və tezisin təqdim olunması nəzərdə tutulub.

