Bu il Türk dünyasının görkəmli alimi, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi, akademik Tofiq Hacıyevin 90 illiyi tamam olur.Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Əməkdar elm xadimi Tofiq Hacıyevin 90 illik yubileyi münasibətilə alimin zəngin ədəbi və elmi irsini geniş istifadəçi auditoriyasına təbliğ etmək məqsədilə “Dilimizin vicdan qoruyucusu” adlı biblioqrafik icmal tərtib etmişdir.
Kitabxanadan “Tehsil365” ə bildirilib ki, vəsaitdə rəsmi sənədlər, Tofiq Hacıyevin həyat və yaradıcılığı haqqında məlumat, mühüm həyat tarixlərini əks etdirən “Xronologiya” bölməsi yer alır.
Biblioqrafik icmalda filologiya üzrə elmlər doktoru Sərdar Zeynalın “Akademik Tofiq Hacıyevin ədəbi irsi tükənməz bir xəzinədir”, Bakı Dövlət Universiteti Türkologiya kafedrasının dosenti Afaq Məmmədovanın “Akademik Tofiq Hacıyev və Türk dünyası” adlı məqalələrinin tam mətni ilə yanaşı akademik Tofiq Hacıyevin müəllifi olduğu, redaktə və tərcümə etdiyi kitabların biblioqrafik təsviri, qısa annotasiyası və keçid linkı da təqdim olunur. Kitabxana əməkdaşları tərəfindən hazırlanan icmalda Tofiq Hacıyev haqqında dövri mətbuatda son illərdə dərc edilən məqalələrin siyahısı da verilir. Kitabxanada həmçinin görkəmli alim, akademik Tofiq Hacıyevin 90 illiyi ilə əlaqədar elektron məlumat bazası hazırlanır və yaxın günlərdə istifadəçilərə təqdim ediləcək.

