Mədəniyyət Nazirliyi və Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə Beynəlxalq Rəqs Gününə həsr olunan “Xoreoqrafiya sənətinin aktual problemləri” mövzusunda V beynəlxalq simpozium keçirilib.
“Tehsil365” xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Bakı Xoreoqrafiya Akademiyasının tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən, Əməkdar artisti Nailə Məmməd-Zadə simpoziumun məqsəd və əhəmiyyəti barədə məlumat verib.
O diqqətə çatdırıb ki, simpoziumun əsas məqsədi xoreoqrafiya sənətinin müasir inkişaf istiqamətlərini müzakirə etmək, elmi-nəzəri yanaşmaları təhlil etmək və beynəlxalq təcrübə mübadiləsinə şərait yaratmaqdır.
Simpozium çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə müxtəlif mövzularda elmi məruzələr dinlənilib. Tədbirdə Azərbaycanla yanaşı, Özbəkistan, Rusiya və digər ölkələrdən olan məruzəçilər beynəlxalq tərkibli simpoziumu elmi fikir mübadiləsi və yeni əməkdaşlıq imkanlarının qurulması baxımından əhəmiyyətli platforma kimi dəyərləndiriblər.
Çıxışlar arasında “Azərbaycan xalq rəqslərində xoreoqrafik hərəkət və musiqi intonasiyasının sinxronlaşması”, “Azərbaycan xoreoqrafiya sənətində Tamilla Şirəliyeva fenomeni: ifaçılıqdan pedaqoji fəaliyyətə keçid”, “Hindistan musiqisinin janr palitrası”, “Toğrul Nərimanbəyovun yaradıcılığında musiqi və rəqs motivləri” və digər aktual mövzular yer alıb.
Simpoziumun sonunda məruzələrlə çıxış edən iştirakçılar Bakı Xoreoqrafiya Akademiyası tərəfindən sertifikatlarla təltif olunublar.

