Mayın 1-də Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Heydər Əliyev və dayanıqlı inkişafın Azərbaycan modeli” adlı respublika tələbə-şagird elmi konfransının açılış mərasimi keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ADU-nun foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar. Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu barədə “Tehsil365"ə ADU-dan bildirilib. ADU-nun rektoru akademik Kamal Abdulla çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın müasir inkişaf strategiyasının əsasını qoyan, dövlətçiliyin möhkəmlənməsində müstəsna rol oynayan tarixi şəxsiyyətdir. Dahi şəxsiyyət Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs bu gün də uğurla davam etdirilir və ölkənin dayanıqlı inkişaf modelinin formalaşmasında böyük əhəmiyyət kəsb edir.
Rektor bildirib ki, belə elmi konfransların keçirilməsi gənclərin milli-mənəvi dəyərlərə bağlılığının artırılması, onların elmi düşüncə tərzinin inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır: “Bu gün universitetimizdə ənənə halını alan və ölkə ali təhsil sahəsində ilk olan tələbə-şagird elmi konfransının keçirilməsi mühüm hadisələrdən biridir. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan konfransda tələbələr şagirdlərə elmi rəhbərlik etməklə, öz bilik və bacarıqlarını şagirdlərə ötürürlər. Bu, o deməkdir ki, konfransda iştirak edən şagirdlərə məhz ADU-nun tələbələri elmi rəhbərlik etməklə, həm də bu mənada bir ilkə imza atmış olurlar.
Bu gün konfransda ölkəmizin müxtəlif təhsil müəssisələrindən olan şagirdlər, tələbələr, müəllimlər və təhsil nümayəndələri iştirak edirlər. Konfrans tələbə-şagird münasibətlərində yeni uğurlu nümunəni elmi-ictimai cəmiyyətə təqdim edir.
Bu cür təşəbbüslər gənclərin elmi fəaliyyətə marağının artırılmasına, onların tədqiqat bacarıqlarının formalaşmasına və qarşılıqlı əməkdaşlıq mühitinin gücləndirilməsinə mühüm töhfə verir.
Konfrans müxtəlif təhsil pillələri arasında əlaqələrin möhkəmləndirilməsi baxımından da əhəmiyyətli platforma rolunu oynayır. Burada səsləndirilən fikirlər, təqdim olunan elmi məruzələr və aparılan müzakirələr iştirakçıların dünyagörüşünün genişlənməsinə, yeni ideyaların yaranmasına və gələcək elmi fəaliyyət üçün stimul formalaşdırır. Bu baxımdan, belə tədbirlərin davamlı təşkili ölkəmizdə elmin və təhsilin inkişafına xidmət edən əsas amillərdən biri kimi dəyərləndirilir”.
Daha sonra çıxış edənlər - Milli Müdafiə Universitetinin professoru Yəhya Babanlı, Heydər Əliyev adına Hərbi İnstitutun müəllimi, mayor Amil Bağırov, Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov, Təhsil Kompleksinin şagirdi Hüseyn Abbaslı, ADU TEC-in sədri Dürrə Həşimova, ADU-nun elmi və innovasiya məsələləri üzrə prorektoru professor Həmidə Əliyeva, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərova konfransla bağlı fikirlərini bölüşüblər.
Bildirilib ki, belə elmi platformalar gənclərin intellektual potensialının üzə çıxarılmasında, onların elmi düşüncə və tədqiqat bacarıqlarının inkişafında mühüm rol oynayır. Tələbə və şagirdlərin birgə iştirak etdiyi bu cür konfranslar onların qarşılıqlı təcrübə mübadiləsinə şərait yaradır, elmi-ictimai mühitdə fəallıqlarını artırır və gələcək fəaliyyətlərində daha uğurlu nəticələr əldə etmələrinə zəmin yaradır. Konfrans çərçivəsində təqdim olunan məruzələr Azərbaycanın dayanıqlı inkişaf modelinin müxtəlif aspektlərini əhatə etməklə yanaşı, gənclərin bu istiqamətdə düşüncələrinin formalaşmasına və onların dövlətçilik ideyalarına daha sıx bağlanmasına xidmət edir.
Konfrans işini bölmə iclasları ilə davam etdirib.

