Mayın 1-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə “Şəhər mühitində mədəni irs və müasir incəsənət dialoqu” mövzusunda panel müzakirələr keçirilib.
“Tehsil365" xəbər verir ki, müzakirələr BMT-nin Məskunlaşma Proqramının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə bağlı keçirilən tədbirlər çərçivəsində baş tutub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudova 2026-cı ilin ölkəmizdə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Şəhərsalma və Memarlıq İli” elan edildiyini xatırladıb. O bildirib ki, bu qərar Azərbaycanda şəhərsalma və memarlıq sahələrinin inkişafına göstərilən ardıcıl dövlət qayğısının və strateji diqqətin məntiqi davamıdır. Bu il Bakıda növbəti dünyamiqyaslı tədbirin - Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) keçiriləcəyini söyləyən Ceyran Mahmudova belə bir mötəbər tədbirin Azərbaycanda təşkilinin xüsusi simvolik məna daşıdığını vurğulayıb. Azərbaycanın UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş tarixi abidələri haqqında məlumat verən Ceyran Mahmudova müxtəlif dövrləri əhatə edən tarixi və memarlıq abidələrimizin əsrlər boyu xalqımız tərəfindən qorunduğunu vurğulayıb.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tədbiri şəhərsalma proseslərinə elmin, mədəniyyətin və incəsənətin töhfəsini müzakirə edən mühüm platforma kimi dəyərləndirib. O bildirib ki, tədbir Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bu sahədəki layiqli elmi-mədəni hesabatıdır. Akademik vurğulayıb ki, qlobal proseslər fonunda, o cümlədən Mərkəzi Asiya və Rusiya təcrübəsində şəhərsalma sahəsində mühüm nailiyyətlərlə yanaşı, urbanizasiyanın yaratdığı ciddi problemlər də mövcuddur. O bildirib ki, urbanizasiya problemlərinin həlli yalnız memarların deyil, alimlərin, filosofların, demoqrafların və iqtisadçıların da qarşısında duran vəzifədir. Bu prosesdə mədəniyyət və incəsənətin rolu xüsusilə əhəmiyyətlidir.
İsa Həbibbəyli WUF13-ün yalnız memarlıq deyil, həm də şəhərsalma və sosial inkişaf məsələlərini əhatə etdiyini deyərək, XXI əsrdə Bakı şəhərinin müasir şəhərsalmanın uğurlu nümunələrindən biri hesab olunduğunu bildirib. Akademik İsa Həbibbəyli konstruktiv yanaşmalara həddindən artıq üstünlük verilməsinin klassik memarlıq ənənələrinin zəifləməsi riskini yaratdığını qeyd edərək, klassik və müasir memarlığın paralel inkişafının əsas vəzifələrdən biri olduğunu bildirib. Onun sözlərinə görə, “Şəhərsalma və Memarlıq İli”nin elan olunması və ADMİU-nun bu mövzuya həsr olunmuş konfransın keçirilməsi mövcud boşluqların aradan qaldırılmasına, şəhərsalma proseslərində incəsənətin rolunun gücləndirilməsinə xidmət edir.
Tədbir öz işini “Ağıllı şəhər: mədəni infrastrukturun rəqəmsal idarəolunması”, “Böyük Qayıdış kontekstində mədəni irs”, “Şəhər ənənəvi və müasir mədəni irsin keşiyində” və “Şəhər mövzusu kino və teatrda” adlı seksiyalar üzrə davam etdirib.
Qeyd edək ki, tədbirdən gözlənilən əsas nəticə rəqəmsal şəhər mühitində mədəni irsin daha effektiv təbliği, eləcə də müasir incəsənətdə ənənəvi mədəni irs elementlərindən istifadənin əsas istiqamətlərinin müəyyənləşdirilməsidir.

