Astanada Azərbaycan şərablarına, qastronomiyasına və mədəniyyətinə həsr olunmuş gecə keçirilib.
“Tehsil365“ xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Qazaxıstandakı səfirliyinin dəstəyi ilə təşkil olunub.
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov qeyd edib ki, gecənin keçirilməsi təşəbbüsü diplomatik nümayəndəlik tərəfindən ölkəmizin mədəniyyətinin və adət-ənənələrinin təbliğinə dair iş çərçivəsində dəstəklənib.
Tədbir sahibkar Emil Əsgərovun rəhbərlik etdiyi “Luxury Valley” şirkətinin təşəbbüsü ilə keçirilib. Şirkət Azərbaycan şərablarının Qazaxıstan bazarında tanıdılmasına töhfə verir.
Qonaqlar arasında diplomatik korpusun, beynəlxalq təşkilatların, dövlət qurumlarının nümayəndələri, eləcə də 30-dan çox dövlətin səfirləri yer alıb.
Tədbir çərçivəsində Azərbaycan mətbəxinin təamları təqdim edilib. Proqramın əsas hissəsi nar içkisi də daxil olmaqla, Azərbaycan şərablarının dequstasiyası olub. Qonaqlara, həmçinin Azərbaycanın şərab istehsal edən bölgələri olan Şamaxı, Qəbələ və İsmayıllının fərqli xüsusiyyətləri barədə məlumat verilib.
“Zamanla biz ölkələr arasında təkcə iqtisadi deyil, həm də mədəni əlaqələri inkişaf etdirməyə çalışaraq Azərbaycan şərabını Qazaxıstan şərab bilicilərinə təqdim etdik”, - deyə E.Əsgərov bildirib.
Bundan başqa, milli Azərbaycan rəqslərinin yer aldığı musiqi proqramı da təşkil edilib.

