Görkəmli alim, Əməkdar elm xadimi, “Şöhrət” ordenli akademik Tofiq Hacıyevin anadan olmasının 90-cı ildönümü münasibətilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) sərgi təşkil edilib.
“Tehsil365“ xəbər verir ki,bu barədə MEK-dən bildirilib ki, iki həftə müddətində davam edəcək sərgidə ömrünü milli dilçiliyimizin və türkologiyanın inkişafına həsr etmiş fədakar ziyalının elmi-dilçilik məsələləri, türkologiya, tərcümə yaradıcılığı ictimaiyyətə təqdim olunur. Onların sırasında “Seçilmiş əsərləri” ikicildliyi, “Azərbaycan ədəbi dili tarixi (təşəkkül dövrü)”, “Füzuli dili”: dil sənətkarlığı”, “Türklər üçün ortaq ünsiyyət dili”, “Dədə Qorqud: dilimiz, düşüncəmiz”, “Azərbaycan ədəbi dili tarixi” (I, II hissə) və digərləri yer alıb.
Bundan əlavə, türklərin, o cümlədən onların dillərinin tarixindən bəhs edən 5 əsəri – Murad Adcının məşhur “Qıpçaq çölünün yovşanı” (1997), “Sabir: qaynaqlar və sələflər”, həmçinin orta məktəblər üçün “Azərbaycan dili” (IX siniflər üçün), “Azərbaycan dili” (X -XI siniflər üçün) dərslikləri nümayiş etdirilən nəşrlər sırasındadır.
Sərgidəki ədəbiyyatla kitabxananın saytındakı elektron kitabxana bölməsində onlayn şəkildə də tanış olmaq mümkündür.

