“Hazırda nə məktəblərdə, nə də universitetlərdə təhlükəsizlik sahəsində yetərli maarifləndirmə işləri aparılır”.
Milli təhlükəsizlik mütəxəssisi Rəşad Rza “Tehsil365”ə açıqlamasında bildirib ki, təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına erkən yaşlardan başlanılmalıdır:
“Bu proses hələ uşaq bağçasından başlamalıdır. Uşaqlara təhlükəsizlik qaydaları maraqlı, əyləncəli və oyun formatında öyrədilməlidir. Erkən yaşlarda verilən biliklər gələcəkdə daha qalıcı olur.”
Ekspert qeyd edib ki, bu sahədə beynəlxalq təcrübədən, xüsusilə inkişaf etmiş ölkələrin modellərindən istifadə etmək vacibdir:
“Məsələn, Yaponiya təcrübəsindən faydalanmaq olar. Həmin ölkədə təhlükəsizlik vərdişləri uşaqlara kiçik yaşlardan aşılanır və bu, cəmiyyətin ümumi davranışında özünü göstərir.”
Rəşad Rza vurğulayıb ki, məktəb və universitet mərhələlərində təhlükəsizlik maarifləndirilməsi daha sistemli şəkildə davam etdirilməlidir:
“Məktəblərdə intellektual oyunlar, xüsusi tədbirlər, simulyasiya proqramları və maarifləndirici layihələr təşkil edilə bilər. Universitetlərdə isə bu istiqamətdə daha peşəkar və geniş proqramlar hazırlanmalıdır.”
Mütəxəssisin fikrincə, təhlükəsizliklə bağlı biliklər yalnız təhsil müəssisələri ilə məhdudlaşmamalıdır:
“Televiziya, radio, sosial media və filmlər vasitəsilə də təhlükəsizlik mövzuları təbliğ olunmalıdır. Üsullar çoxdur. Əsas məqsəd cəmiyyətdə maraq yaratmaq, insanlarda təhlükəsizlik düşüncəsini formalaşdırmaq və bu məsələləri həyat tərzinə çevirməkdir.”

