Bu gün Azərbaycan teatr və kino sənətinin tanınmış nümayəndələrindən biri, əməkdar artist Ətayə Qulam qızı Əliyevanın doğum günüdür.
“Tehsil365” xəbər verir ki, Ətayə Əliyeva 1920-ci il mayın 2-də Türkistan Muxtar Sovet Sosialist Respublikasının Poltoratsk şəhərində anadan olub. Uzun illər Azərbaycan teatr və kino sahəsində fəaliyyət göstərən aktrisa zəngin yaradıcılığı ilə sənətsevərlərin yaddaşında iz qoyub.
O, Azərbaycanda çəkilmiş onlarla filmdə müxtəlif və yaddaqalan obrazlar canlandırıb. Teatr səhnəsindəki uğurlu çıxışları və kinodakı peşəkar fəaliyyəti ilə tamaşaçı rəğbəti qazanan aktrisa 1964-cü ildə “Azərbaycan SSR əməkdar artisti” fəxri adına layiq görülüb.
Ətayə Əliyeva 1995-ci il aprelin 6-da Bakıda vəfat edib. Onun yaratdığı obrazlar Azərbaycan mədəniyyət tarixinin dəyərli sənət nümunələri sırasında yer alır.

