TƏBİB-in tabeliyində fəaliyyət göstərən Ağciyər Xəstəlikləri Mərkəzinin nəzdindəki 1 saylı İxtisaslaşdırılmış Poliklinikanın Laboratoriya şöbəsinin açılışı olub.
“Tehsil365” xəbər verir ki, ümumi sahəsi 608 kvadratmetr olan, beynəlxalq standartlara uyğun təşkil edilən laboratoriyada sürətli molekulyar-genetik diaqnostik testlər, eləcə də I və II sıra vərəməleyhinə dərmanlara həssaslıq testləri icra olunacaq.
İnfeksiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə laboratoriyada yüksək və aşağı riskli sahələr, eyni zamanda, sahələrarası keçid zonası yaradılıb.
Riskli zonada nümunələrin qəbulu otağı, proseslərin aparılması üçün iş otaqları, eləcə də digər molekulyar-genetik müayinələrin aparılması üçün xüsusi otaqlar ayrılıb və işçi sahələr biotəhlükəsizlik şkafları, “GeneXpert”, “Truenat” və digər müasir cihaz, avadanlıqlarla təchiz olunub.
Laboratoriyada müasir və yüksək effektivliyə malik, o cümlədən yüksək riskli zonada mənfi təzyiqi təmin edən havalandırma sistemi qurulub.
Həmçinin ölkədə ilk dəfə olaraq səyyar tibbi xidmət göstərmək üçün laboratoriyanın sərəncamında olan xüsusi avtomobildə quraşdırılmış, vərəmin sürətli molekulyar diaqnostikasında istifadə edilən və ən son diaqnostik avadanlıqlardan olan “Truenat” sistemi, o cümlədən “Pluslife Minidock” cihazı, “Rida screen” testləri istifadə olunacaq. Avtomobildə, həmçinin süni intellekt dəstəkli rəqəmsal səyyar rentgen avadanlığı da quraşdırılıb.
Laboratoriyada yüksəkixtisaslı həkim-laborantlar, mikrobioloqlar və təcrübəli orta tibb personalı fəaliyyət göstərir.
Qeyd edək ki, laboratoriya vərəm xəstəliyinin erkən aşkarlanmasında, effektiv müalicə imkanlarının genişlənməsində və ölkəmizdə vərəmlə mübarizə tədbirlərinin daha da gücləndirilməsində əhəmiyyətli rol oynayacaq

