Azərbaycan Milli Xalça Muzeyində bp şirkəti və Təşəbbüslər və Layihələr Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Azərbaycan xalçaçılığının inciləri” layihəsinin təqdimatı olub.
“Tehsil365” xəbər verir ki, tədbir Milli Məclisin üzvləri, mədəniyyət, elmi ictimaiyyət xadimləri, media nümayəndələrini bir araya gətirib. Diqqət mərkəzində milli mədəniyyətin mühüm tərkib hissəsi kimi Azərbaycan xalçaçılığının qorunub saxlanması və təbliği olub.
Mərasimi açan bp-nin mətbuat katibi Tamam Bayatlı şirkətin Azərbaycandakı mədəni və maarifləndirmə təşəbbüslərinə uzun illər ərzində dəstək verdiyini vurğulayıb. Onun sözlərinə görə, bu cür layihələr tarixi yaddaşın qorunmasında və mədəni dəyərlərin gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır.
Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova qeyd edib ki, dövlətin xalçaçılıq sənətinə göstərdiyi diqqət onun inkişafına və beynəlxalq səviyyədə tanınmasına töhfə verir. O, Prezident İlham Əliyevin Azərbaycan təsviri sənətinin böyük ustadı, görkəmli xalça mütəxəssisi Lətif Kərimovun 120 illiyinin qeyd edilməsi barədə Sərəncamını xatırladıb.
Layihənin əhəmiyyətindən danışan Əminə Məlikova vurğulayıb ki, bu çərçivədə professor Kübra Əliyevanın dərc olunan elmi tədqiqatları Azərbaycan xalçaçılığının öyrənilməsinə dəyərli töhfədir.
“O, xalça sənətinə təkcə sənətkarlıq nümunəsi kimi deyil, həm də xalqın mənəvi dünyasının, estetik düşüncəsinin və tarixinin əksi kimi baxır. Əminəm ki, belə nəşrlər bu sahədə fundamental tədqiqatlar arasında öz layiqli yerini tutacaq”, - deyə muzey direktoru bildirib.
bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin fikrincə, mədəni layihələrin dəstəklənməsi şirkətin sosial fəaliyyətinin mühüm istiqamətlərindən biridir.
Onun sözlərinə görə, təqdim olunan kitablar həm ölkə daxilində, həm də xaricdə Azərbaycan xalçaçılığına marağın artmasına kömək edəcək, eləcə də tədqiqatçılar və gənc mütəxəssislər üçün əlavə mənbə rolunu oynayacaq.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova da nəşrləri milli xalça sənəti ənənələrinin daha dərindən öyrənilməsinə imkan verəcək əhəmiyyətli elmi əsər adlandırıb.
Kitabın müəllifi, professor Kübra Əliyeva dəstəyə görə layihə təşkilatçılarına təşəkkür edib və Azərbaycan xalçalarının millətin mədəni kimliyinin ayrılmaz hissəsi kimi hərtərəfli öyrənilməyə və qorunmağa layiq olduğunu vurğulayıb.
Proqramın sonunda xalq yaradıcılığı əsərlərinin yer aldığı bədii hissə təqdim olunub.

