Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət və ictimai xadimlərindən biri olan Şəfi bəy Rüstəmbəylinin xatirəsi ehtiramla anılır.
“Tehsil365” xəbər verir ki, O, 21 aprel (3 may) 1893-cü ildə Nuxa qəzasının Aydınqışlaq kəndində anadan olub.
Şəfi bəy Rüstəmbəyli Azərbaycan milli mətbuatının və dövlətçilik tarixinin mühüm simalarından biri kimi tanınıb. O, dövrünün nüfuzlu nəşrlərindən olan “Azərbaycan” qəzetinin redaktoru kimi fəaliyyət göstərib, milli ideyaların və istiqlal düşüncəsinin təbliğində mühüm rol oynayıb.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlament üzvü olan Şəfi bəy Rüstəmbəyli eyni zamanda Daxili İşlər Nazirinin birinci müavini vəzifəsində çalışaraq dövlət quruculuğu prosesində yaxından iştirak edib.
Siyasi və ictimai fəaliyyəti ilə Azərbaycan tarixində iz qoyan Şəfi bəy Rüstəmbəyli 21 yanvar 1953-cü ildə İstanbul şəhərində vəfat edib. Bu gün onun adı Azərbaycan istiqlal mübarizəsinin önəmli simalarından biri kimi hörmətlə yad olunur.

