Şuşanın memarlıq abidələri sırasında karvansaralar xüsusi yer tutur. Qarabağ xanlığında İslam memarlığına uyğun olaraq, şəhər salınarkən dövlət əhəmiyyətli və ictimai məqsədlərlə bir sıra tikililərin inşası zəruri idi. Əlbəttə, bunların içərisində xanlığın iqamətgahı, qala divarları, məscidlər, ovdanlar və karvansaralar ilk sırada gəlirdi. Şuşa şəhərində inşa edilmiş karvanasaralar haqqında ətraflı məlumatları Baharlının “Əhvalat-i Qarabağ” və Həsən İxfa Əlizadənin “Şuşa şəhərinin tarixi” əsərlərində görürük. Baharlı öz əsərində şəhərdə inşa edilmiş karvansaralar və onların sonrakı taleləri haqqında məlumatları daha dəqiqliyi ilə qeyd edib. Baharlının verdiyi məlumatlardan aydın olur ki, Şuşanın bəyləri və zəngin adamları karvansara inşasına xüsusi diqqətlə yanaşırdılar. Ola bilsin, Şuşa şəhəri dövrünün ticarət mərkəzlərindən biri olduğu üçün karvansaralara böyük ehtiyac var imiş.
“Tehsil365” xəbər verir ki , bu fikirlər AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri dosent Elnur Mustafayevin “Erməni vandalizminə məruz qalmış Şuşa karvansaraları: Məşədi Hüseyn Mirsəyyaf oğlunun karvansarası nümunəsində” məqaləsində yer alıb. Məqalədə qeyd olunub ki, XIX əsrin sonlarında Şuşa şəhərində fəaliyyət göstərən əsas karvansaralardan biri də Məşədi Hüseyn Mirsəyyaf oğlunun mehmanxana tipli karvansarası idi. Bu tikili haqda ətraflı məlumatı Həsən İxfa Əlizadə qeyd edir: “Bu bina-karvansara Şuşanın dindar varlılarından olan Məşədi Hüseyn Mirsəyyaf oğlu tərəfindən yuxarı məscidə vəqf olunub”.

