“Bugünkü dermatologiya sürətlə dəyişir və bu dəyişimin əsas səbəblərindən biri yeni texnologiyalardır. Xüsusilə lazer sistemləri və süni intellekt artıq gündəlik praktikaya daxil olub və həm diaqnostika, həm də müalicə yanaşmalarını daha effektiv edib.”
Bu sözləri “Tehsil365” ə açıqlamasında , dermatoloq Aygün Mustafayeva bildirib.
“Lazer texnologiyaları sayəsində biz dəri problemlərinə daha hədəfli və minimal invaziv şəkildə müdaxilə edə bilirik. Akne çapıqları, piqmentasiya, damar lezyonları və hətta dəri cavanlaşdırılması kimi sahələrdə daha sürətli və dəqiq nəticələr əldə olunur. Bu isə həm həkim, həm də pasiyent üçün daha komfortlu müalicə deməkdir.”
“Süni intellekt isə xüsusilə diaqnostikada böyük rol oynayır. Dəri lezyonlarının analizində, erkən mərhələdə təhlükəli xəstəliklərin aşkarlanmasında və teledermatologiyada AI sistemləri həkimə ciddi dəstək verir. Lakin unutmamalıyıq ki, süni intellekt həkimi əvəz etmir, sadəcə qərarvermə prosesini gücləndirir.”
“Nəticə olaraq, yeni texnologiyalar dermatologiyanı daha dəqiq, daha sürətli və daha fərdiləşdirilmiş edir. Amma ən vacib amil yenə də həkimin klinik təcrübəsi və düzgün yanaşmasıdır.”

