Mayın 4-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə görkəmli dilçi-alim, Əməkdar elm xadimi, akademik Tofiq Hacıyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
Bu barədə “Tehsil365"ə institutdan məlumat verilib.
Əvvəlcə Tofiq Hacıyevin zəngin elmi irsini əks etdirən kitablarından ibarət sərgi nümayiş olunub.
Sonra Tofiq Hacıyevin həyat və yaradıcılığına həsr olunmuş film nümayiş etdirilib.
Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli akademik Tofiq Hacıyevin Türk dünyası miqyasında tanınan görkəmli alim, eyni zamanda, milli təfəkkürə malik parlaq bir şəxsiyyət olduğunu deyib. AMEA rəhbəri akademik Tofiq Hacıyevin sovet dönəmində yetişən alimlərdən olsa da, hər zaman azərbaycançılıq məfkurəsini bütün dəyərlərdən üstün tutduğunu, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına sadiq bir ziyalı kimi milli birliyin qoruyucularından olduğunu qeyd edib.
Akademik vurğulayıb ki, alimin fundamental xarakter daşıyan ikicildlik “Azərbaycan ədəbi dili tarixi” əsəri özünəqədərki dövrdə bu istiqamətdə yazılmış bütün tədqiqatların zirvəsində dayanmaqla yanaşı, dilimizin inkişaf mərhələlərini tam dolğunluğu ilə ümumiləşdirir: “Tofiq Hacıyev milli-mənəvi varlığımız olan dilimizin tarixini ədəbiyyat tariximizdən ayırmamış, bu vəhdəti öz yaradıcılığının ana xəttinə çevirmişdir. Məhz bu səbəbdən onun əsərləri təkcə dilçilik baxımından deyil, həm də ədəbiyyat tariximizin möhtəşəm salnaməsi kimi qəbul olunur”.
Akademik İsa Həbibbəyli görkəmli alimin yaradıcılığında yer alan Məhəmməd Füzuli və Mirzə Ələkbər Sabir irsinə dair əsərləri onun elmimizə mühüm töhfəsi kimi qiymətləndirib.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli akademik Tofiq Hacıyevin səmərəli elmi fəaliyyətindən, respublikamızda dilçilik elminin inkişafına verdiyi töhfələrdən danışıb. Bildirilib ki, alim zəngin elmi fəaliyyəti ilə Azərbaycan dilçilik elminin inkişafında müstəsna rol oynayıb və bütün ömrünü bu sahəyə həsr edib.
Tədbirdə akademik Nizami Cəfərov, professorlar Qəzənfər Paşayev, Elbrus Əzizov, İsmayıl Kazımov, filologiya elmləri doktorları Qızılgül Abdullayeva, Qətibə Quliyeva, filologiya üzrə fəlsəfə doktoru Sevda Sadıqova məruzələrlə çıxış ediblər.
Bakı Dövlət Universitetinin kafedra müdiri professor Qulu Məhərrəmli çıxışında Tofiq Hacıyevin dönəmində Dilçilik İnstitutu ilə mətbuat arasında sıx əlaqə yarandığını, yeni şöbələrin açıldığını qeyd edib.
Sonda ailə üzvləri adından çıxış edən mərhumun oğlu Azər Hacıyev tədbirin təşkilinə görə AMEA rəhbərliyinə təşəkkürünü bildirib.

