Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) Ümummilli Lider Heydər Əliyevin 103-cü doğum gününə həsr olunan “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilib.
Bu barədə “Tehsil365"ə BŞİH-dən məlumat verilib.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkənin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov konfrans iştirakçılarını salamlayaraq bildirib ki, bu gün ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan dinamik inkişaf edir. Görülən işlərin nəticəsidir ki, əhalinin iqtisadi vəziyyəti yaxşılaşır, imkanları artır. Bu hər yerdə, küçədə, cəmiyyətdə hiss edilir, insanların mədəni səviyyə yüksəlir. O qeyd edib ki, ölkəmizin bugünkü inkişafının təməlində məhz Heydər Əliyev və İlham Əliyev siyasəti durur.
Qeyd edilib ki, paytaxt rayonlarında keçirilən konfranslarda şagirdlər Azərbaycan tarixinin ən qədim zamanlarından günümüzə qədər olan dövrləri, o cümlədən Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə öz elmi məqalələri ilə çıxış ediblər. Müsabiqədə həm də 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfərə, antiterror tədbirlərinə, Xankəndi, Xocalı, Ağdərə, Xocavənddə Azərbaycanın Dövlət Bayrağının ucaldılması və digər mövzulara da xüsusi yer verilib.
Konfransda gənc tədqiqatçıların məruzələri dinlənilib. Qeyd olunub ki, məktəblilərin Azərbaycan tarixinin daha dərindən öyrənilməsinə marağı artıran bu müsabiqə ənənəvi xarakter daşıyır və hər il minlərlə məktəbli bu müsabiqədə iştirak edir. Builki müsabiqəyə Bakı şəhərinin 315 məktəbi və 3750-dən artıq şagirdi öz referatları ilə qatılıb. Qalib şagirdlərin referatları komissiya tərəfindən seçilərək Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunacaq yeni kitaba daxil ediləcək.

