Əhməd Cavad (tam adı: Cavad Məhəmmədəli oğlu Axundzadə) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olub.
“Tehsil365” xəbər verir ki, O, 5 may 1892-ci ildə Yelizavetpol qəzasının Aşağı Seyfəli kəndində anadan olub. Şair həm yaradıcılığı, həm də maarifçilik fəaliyyəti ilə Azərbaycan mədəniyyətində mühüm iz qoyub.
Əhməd Cavad müxtəlif illərdə Quba Xalq Maarif şöbəsinin müdiri vəzifəsində çalışıb, həmçinin Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda müəllim, dosent və kafedra müdiri kimi fəaliyyət göstərib. 1933-cü ildə professor adına layiq görülən şair, 1934-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olub.
O, eyni zamanda Azərbaycan Dövlət Nəşriyyatında tərcümə şöbəsinin redaktoru, daha sonra isə “Azərbaycanfilm” studiyasında sənədli filmlər şöbəsinin müdiri vəzifələrində işləyib. Əhməd Cavad Azərbaycan poeziyasına və milli düşüncəsinə böyük töhfələr verib.
Şairin həyatı 1937-ci il repressiyaları zamanı faciəvi şəkildə yarımçıq qalıb. O, 12 oktyabr 1937-ci ildə Bakıda vəfat edib. Əhməd Cavad bu gün də Azərbaycan ədəbiyyatının və istiqlal ruhunun önəmli simalarından biri kimi yad edilir.

