“İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Tənha Anaların Sosial İnkişafına Dəstək” layihəsi çərçivəsində Şamaxı rayonunda fəaliyyət göstərən sosial tikiş müəssisəsinin kollektivi üçün Bakı şəhərində yerləşən Bakı Tekstil Fabriki-nə ekskursiya təşkil edilib.
“Tehsil365" xəbər verir ki, ekskursiya zamanı iştirakçılar müəssisənin istehsal prosesi ilə yaxından tanış olub, tekstil sahəsinin incəlikləri, müasir texnologiyalar və istehsal yanaşmaları barədə ətraflı məlumat əldə ediblər. Bu cür praktiki tanışlıq onların peşə bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbir çərçivəsində müəssisənin təsisçi rəhbəri Səkinə Babayeva çıxış edərək öz peşəkar təcrübəsini iştirakçılarla bölüşüb. O, tekstil sahəsində qazandığı uğurlardan danışaraq xanımları bu istiqamətdə inkişaf etməyə təşviq edib.
Daha sonra müəssisənin baş direktoru Elçin Babayev satış strategiyalarının düzgün qurulmasının əhəmiyyəti, ticari qaydalar və praktik yanaşmalar barədə məlumat verərək öz təcrübəsini iştirakçılarla paylaşıb.
Ekskursiyanın sonunda iştirakçılarla xatirə fotosu çəkilib.
Layihə çərçivəsində Şamaxı rayonu və ətraf kəndlərdən olan xanımlar üçün Bakı şəhərində tanışlıq məqsədli gəzintilər də təşkil olunub. İştirakçılar Bakı Zooloji Parkı və Dağüstü Park-da olaraq paytaxtın görməli məkanları ilə tanış olublar.
Qeyd edək ki, layihənin əsas məqsədi tənha anaların və aztəminatlı ailələrdən olan xanımların sosial inkişafına dəstək göstərmək, onların peşə bacarıqlarını artırmaq və cəmiyyətə inteqrasiyasını gücləndirməkdir.
Sonda ekskursiyanın təşkilinə göstərdiyi dəstəyə görə Bakı Tekstil Fabriki kollektivinə, eləcə də layihənin həyata keçirilməsində iştirak edən tərəfdaşlara və əməyi keçən hər kəsə təşəkkür edilib.

