Mayın 1-də Qazaxıstanın Toyrayqırov və Atırau Universitetlərinin nümayəndə heyəti Azərbaycan Dillər Universitetində (ADU) qonaq olublar.
“Tehsil365” xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan Dillər Universitetinin dünyanın bir çox xarici universitetləri ilə əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayan rektor bugünkü görüşün daha geniş əməkdaşlıq üçün böyük imkanlar açacağına, iki qardaş dövlət arasında mövcud münasibətlərin inkişafına müsbət təkan verəcəyinə əmin olduğunu qeyd edib.
Səmimi qarşılanmaya və qonaqpərvərliyə görə ADU rəhbərliyinə təşəkkürünü bildirən Toyrayqırov Universitetinin prorektoru Səltənət Aubəkirova universitetdə olmaqdan məmnunluğunu ifadə edib. ADU ilə əməkdaşlığı yüksək qiymətləndirən qonaq iki ölkə arasında elmi əməkdaşlığın inkişafının perspektivlərini müzakirə edib. Qeyd olunub ki, Azərbaycan və Qazaxıstan arasında bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də əməkdaşlıq yüksələn xəttlə inkişaf etməkdədir. Bu baxımdan, Azərbaycan Dillər Universiteti ilə olan sıx təmaslar ölkələrimiz arasında münasibətlərin inkişafına mühüm töhfə verir.
ADU ilə əməkdaşlığın əhəmiyyətindən danışan Atırau Universitetinin prorektoru Baxit Altınbaşov qeyd edib ki, 2023-cü ildən Atırau Universiteti ilə Orhun Mübadilə Proqramı çərçivəsində əməkdaşlığa başlanılmışdır. 2025-ci ildə universitetlərarası müqavilə imzalanaraq tərəflər arasında institusional əməkdaşlıq daha da möhkəmlənmişdir. Hazırda əməkdaşlıq uğurla davam edir, akademik mübadilə, elmi-tədqiqat, eləcə də beynəlxalq əlaqələrin inkişafı istiqamətində birgə fəaliyyətlər həyata keçirilir. Universitetlər arasında elmi, mədəni əlaqələrin inkişafı hər iki ölkənin bir-birinə daha da yaxınlaşmasına xidmət edir.
Görüş gələcək elmi əməkdaşlıq imkanları və perspektivləri ətrafında müzakirələrlə davam edib.

