Mayın 2-də Azərbaycan Dillər Universitetində (ADU) dosent Ceyhun Əliyev tərəfindən “Ali təhsil müəssisələrində administrativ idarəetmənin psixoloji aspektləri” mövzusunda seminar keçirilib. Tədbir universitetin Keyfiyyətin təminatı və monitorinq şöbəsinin təşkilatçılığı ilə baş tutub.
“Tehsil365” xəbər verir ki, seminarın əsas məqsədi universitet idarəçiliyində psixoloji amillərin müzakirəsi və bu istiqamətdə fikir mübadiləsinin aparılması olub. Tədbirdə struktur rəhbərləri, şöbə və mərkəz müdirləri iştirak ediblər.
Qeyd olunub ki, müasir ali təhsil müəssisələrində idarəetmə yalnız struktur və prosedurlardan ibarət texniki proses deyil. Bu sahədə uğurun əsasını insan amili – psixoloji mühit, kollektiv dinamikası, emosional intellekt və motivasiya təşkil edir. Təhsil sisteminin dayanıqlı və səmərəli fəaliyyəti üçün rəhbərlik həm idarəetmə mexanizmlərini, həm də insan davranışlarını formalaşdıran psixoloji prinsipləri dərindən mənimsəməlidir.
Seminar zamanı bildirilib ki, idarəetmə mövcud resurslardan səmərəli istifadə etməklə müəssisəni məqsədyönlü şəkildə inkişaf etdirmə prosesidir və bu proses dörd əsas funksiyanı – planlaşdırma, təşkilatçılıq, liderlik/motivasiya və nəzarəti əhatə edir. Eyni zamanda, iş mühitində stressin azaldılması və iş keyfiyyətinin artırılması yolları diqqətə çatdırılıb, müvafiq tövsiyələr verilib və geniş müzakirələr aparılıb.
Təşkilatçılıq mərhələsinin psixoloji baxımdan həssas sahələrdən biri olduğu vurğulanıb. “Doğru insanı doğru yerə təyin etmək” prinsipinin idarəetmənin səmərəliliyinə birbaşa təsir göstərdiyi qeyd edilib. Bildirilib ki, işçinin potensialı ilə ona verilən tapşırıq uyğun olduqda motivasiya artır, səlahiyyətlərin düzgün bölüşdürülməsi isə kollektiv daxilində qarşılıqlı etimadı və harmoniyanı gücləndirir.
Seminarda liderlik və motivasiya mərhələsinin idarəetmənin emosional intellekt tələb edən ən mühüm istiqamətlərindən biri olduğu diqqətə çatdırılıb. Müasir təhsil müəssisələrində rəhbərlik yalnız inzibati göstərişlərlə deyil, əməkdaşları arxasınca aparmaq, onlara nümunə olmaq və psixoloji ehtiyaclarını anlamaq bacarığı ilə xarakterizə olunur.
Sonda qeyd olunub ki, ali təhsil müəssisələrində effektiv idarəetmə psixoloji biliklərə əsaslanmadıqda tam nəticə vermir. İnsan davranışı, emosional mexanizmlər və kollektiv dinamikası nəzərə alınmaqla qurulan idarəetmə modeli işçi məmnunluğunu artırmaqla yanaşı, tədris mühitinin keyfiyyətinin yüksəldilməsinə də töhfə verir.

