Azərbaycan Dillər Universitetində (ADU) keçirilən elmi konfransda Landau School-un şagirdləri Ceyla Cahangirli və Mərvə Hüseynova uğurla iştirak edərək məktəblərini layiqincə təmsil ediblər.
“Tehsil365” xəbər verir ki, şagirdlər konfrans çərçivəsində hazırladıqları tezislərlə çıxış edərək elmi müzakirələrdə fəallıq nümayiş etdirib, yüksək təqdimat bacarıqları və bilik səviyyələri ilə diqqət çəkiblər.
Onların elmi rəhbəri, müəllim Günay Şahbazova bildirib ki, şagirdlərinin belə nüfuzlu akademik platformada qazandıqları təcrübə xüsusi əhəmiyyət kəsb edir və onların gələcək inkişafı üçün mühüm baza rolunu oynayır. Qeyd olunub ki, gənclərin erkən yaşlardan elmi fəaliyyətə cəlb olunması onların potensialının üzə çıxarılması baxımından vacibdir.
Eyni zamanda, Günay Şahbazova Azərbaycan Dillər Universitetinin magistrantı kimi hər il bu elmi mühitdə tezislərlə iştirak etdiyini vurğulayaraq, bunun həm şəxsi akademik inkişafına, həm də rəhbərlik etdiyi şagirdlərin uğurlarına töhfə verdiyini qeyd edib.

