Azərbaycan Dillər Universitetində bu il Alman Akademik Mübadilə Xidməti (DAAD) təqaüd proqramı çərçivəsində təqaüd qazanan tələbələrlə görüş keçirilib. Tədbirdə universitetin rektoru, prorektorlar, universitet rəhbərliyi, dekanlar, kafedra müdiri və DAAD lektoru, ADU üzrə nümayəndəsi xanım Liza Brandt iştirak edərək tələbələri əldə etdikləri uğur münasibətilə təbrik ediblər.
“Tehsil365” xəbər verir ki, görüş zamanı çıxış edən DAAD lektoru Liza Brandt builki təqaüd göstəricilərinin xüsusilə diqqətəlayiq olduğunu vurğulayıb. O qeyd edib ki, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Ali Məktəb Yay Kursları (HSK) proqramı üzrə Azərbaycana ayrılmış təqaüdlərin demək olar ki, yarısını – ümumilikdə 14 təqaüdü – məhz ADU tələbələri qazanıblar. Bildirilib ki, bu təqaüd proqramı tələbələrə Almaniyada dörd həftəlik dil kursunda iştirak etmək imkanı yaradır və onların həm dil bacarıqlarının, həm də beynəlxalq təcrübələrinin inkişafına mühüm töhfə verir.
Tədbirdə həmçinin ADU tələbəsi Fikrət Ağayevin nüfuzlu DAAD magistr təqaüdünə layiq görüldüyü qeyd olunub. Bu təqaüd ona akademik təhsilini Almaniyada davam etdirmək imkanı qazandırır.
Universitetin rektoru akademik Kamal Abdulla çıxışında beynəlxalq akademik əməkdaşlığın və tələbə mübadiləsinin əhəmiyyətini xüsusi vurğulayıb. O, Almaniya ilə Azərbaycan arasında təhsil və elmi əlaqələrin inkişafının önəmini qeyd edərək, tələbələrin uğurlarında DAAD proqramlarının mühüm rol oynadığını bildirib. Rektor DAAD-a ADU tələbələrinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib, bütün təqaüdçülərə Almaniyada uğurlu və səmərəli təhsil dövrü arzulayıb.

