Müasir dövrdə multikulturalizm məsələsinin müzakirəsinə ciddi ehtiyac var. Dünya getdikcə daha mürəkkəb xarakter alır, inkişafla paralel olaraq münaqişələrin və müharibələrin sayı artır. İslamofobiya və ksenofobiya kimi təhlükəli meyillər hələ də qalmaqdadır. Belə bir şəraitdə bu çağırışlara qarşı sülh, tolerantlıq və multikulturalizm dəyərləri ilə cavab vermək vacibdir.
“Tehsil365” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” IX beynəlxalq elmi konfransında deyib. O bildirib ki, uzun illər ərzində Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılan və Azərbaycanın dövlət siyasətinə çevrilən multikulturalizm ideologiyası bu gün dünyada nümunə kimi qəbul olunur: “Azərbaycan cəmiyyətində digər mədəniyyətlərə göstərilən hörmət əslində tarixə və ümumbəşəri dəyərlərə verilən qiymətdir. Ümummilli Liderin müəyyən etdiyi strateji yanaşmanın əsasında bir həqiqət dayanır: əgər cəmiyyətlərdə sülh və qarşılıqlı hörmət yoxdursa, heç bir xalq və dövlət davamlı inkişaf edə bilməz. Azərbaycan onilliklər boyu Cənubi Qafqazda mədəniyyətlərin və dinlərin qovuşduğu məkan kimi formalaşıb və bu model artıq özünü doğruldub.
Multikulturalizmin təməlində dialoq dayanır və Azərbaycan bu istiqamətdə ardıcıl siyasət həyata keçirir. İstər regionda, istərsə də qlobal miqyasda dialoqu təşviq edən, bu məqsədlə beynəlxalq platformalar yaradan ölkəmiz, eyni zamanda, ərazi bütövlüyü və suverenliyinin tam təmin olunması istiqamətində mühüm təşəbbüslərlə çıxış edib. Bütün bu proseslərin mərkəzində isə məhz dialoq və qarşılıqlı anlaşma prinsipi dayanır”.

