Azərbaycan davamlı və inklüziv şəhərsalma siyasəti sahəsində öz modelini formalaşdıraraq beynəlxalq səviyyədə təqdim etməyə hazırdır. Bu yanaşma təkcə şəhərlərin inkişafına deyil, bütövlükdə ölkənin gələcəyinə yönəlmiş hüquqi və mənəvi sərmayə kimi qiymətləndirilir. Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlərin və hüquqa əsaslanan şəhər idarəçiliyi təcrübəsinin beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır.
“Tehsil365" xəbər verir ki, bu fikirləri AZƏRTAC-a Vəkillər Kollegiyasının sədri Anar Bağırov açıqlamasında bildirib. O qeyd edib ki, müasir dövrdə şəhərsalma yalnız inzibati qərarlarla məhdudlaşmır, eyni zamanda, ictimai razılaşmanı özündə ehtiva edir. Hər bir baş plan və infrastruktur layihəsinin əsasında hüququn aliliyi və ictimai etimad dayanmalıdır.
Anar Bağırov bildirib ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Vəkillər Kollegiyası dövlət qurumları, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığını daha da genişləndirir. Bu əməkdaşlığın əsas məqsədi hüququn effektiv tətbiqini təmin etmək, şəffaf idarəetmə mədəniyyətini inkişaf etdirmək və şəhər mühitində sosial ədalətin bərqərar olmasına töhfə verməkdir. Bu istiqamətdə həyata keçirilən birgə fəaliyyət həm vətəndaşların maraqlarının qorunmasına, həm də Azərbaycanın beynəlxalq səviyyədə etibarlı şəhərsalma modeli kimi mövqeyinin möhkəmlənməsinə xidmət edəcək.

