Gəncə Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə olimpiada təşkil edilib.
Universitetdən “Tehsil365"ə verilən məlumata görə, bilik yarışında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 300-ə yaxın XI sinif şagirdi iştirak edib.
Olimpiadada Gəncə şəhəri ilə yanaşı, Goranboy, Şəmkir, Daşkəsən, Samux və Göygöl rayonlarının ümumi təhsil məktəblərinin şagirdləri də biliklərini sınayıblar.
İştirakçılar üçün təqdim olunan suallar universitetin Filologiya və xarici dillər fakültəsinin təcrübəli professor-müəllim heyəti tərəfindən hazırlanıb. Şagirdlərə 50 test tapşırığı təqdim olunub.
Olimpiadanın yekununda iştirakçılara universitetdə tədris olunan ixtisaslar, fakültələr, beynəlxalq əlaqələr, həmçinin tələbə evinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Bununla yanaşı, şagirdlərə universitetin fəaliyyəti haqqında məlumat kitabçaları da təqdim olunub.

