Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS 2025) nəticələrinə əsasən, Azərbaycanın ilkin öyrənmə göstəriciləri digər iştirakçı ölkələrlə müqayisədə fərqli mənzərə ortaya qoyur.
“Tehsil365“ xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS 2025) nəticələrinə dair ekspertlər və media nümayəndələri üçün təşkil edilən məlumatlandırma sessiyasında çıxışı zamanı deyib.
O qeyd edib ki, Bakı və Sumqayıt şəhərlərini əhatə edən nəticələrə görə, savadlılıq üzrə Azərbaycan 482,51 bal toplayıb. Bu göstərici tədqiqat üzrə orta göstəricidən (501,15) aşağıdır. Riyazi bacarıqlar üzrə isə ölkəmiz 520,39 bal nəticə göstərərək orta göstəricini (501,18) üstələyib.
Müqayisə üçün qeyd edək ki, savadlılıq sahəsində ən yüksək nəticə Koreyada (543,71) qeydə alınıb. İngiltərə (534,86) və Belçika (Flamand icması)- 482,62) da yüksək göstəricilər nümayiş etdirən ölkələr sırasındadır. Azərbaycan bu istiqamətdə Braziliyanın bəzi regionları (501,93) və Niderland (497,06) kimi ölkələrdən geri qalır.
Riyazi bacarıqlar üzrə isə Koreya (546,70) və İngiltərə (515,63) lider mövqedədir. Azərbaycan bu sahədə Niderland (489,11), Malta (503,04) və Birləşmiş Ərəb Əmirlikləri (495,54) kimi ölkələri qabaqlayır.
Qeyd edək ki, IELS 2025 tədqiqatı uşaqların erkən öyrənmə, idrak və sosial-emosional bacarıqlarının qiymətləndirilməsi, həmçinin ölkələr arasında müqayisəli təhlilin aparılması məqsədi daşıyır. Beşyaşlı uşaqlar arasında aparılır.
IELS 2025-in nəticələri açıqlanıb: Azərbaycan riyaziyyatda ortalamanı üstələyib
9905.05.2026 - 15:20

