“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyi tərəfindən həyata keçirilən “Təhsil Liderliyi Akademiyası” Mini MBA Proqramı uğurla icra olunmaqdadır.
“Tehsil365“ xəbər verir ki, layihə məktəb rəhbərlərinin və təhsil menecerlərinin idarəetmə, liderlik və strateji planlaşdırma bacarıqlarının inkişaf etdirilməsinə yönəlmiş innovativ təlim modeli kimi diqqət çəkir. 8 həftəlik proqram çərçivəsində iştirakçılar yalnız nəzəri biliklərlə deyil, eyni zamanda real idarəetmə situasiyalarında tətbiq edilə bilən praktiki alətlərlə də təmin olunurlar.
Proqramın əsas məqsədi təhsil idarəçiliyində müasir yanaşmaların təşviqi, liderlik potensialının gücləndirilməsi və strateji qərarvermə bacarıqlarının təkmilləşdirilməsidir. Təlim sessiyaları interaktiv metodlarla – seminarlar, qrup işləri və praktiki tapşırıqlar formatında təşkil olunur.
İndiyədək proqram çərçivəsində bir sıra mühüm təlim modulları uğurla həyata keçirilib: ADA Universitetinin professor assistenti Samirə Hacıyeva tərəfindən keçirilən “Təhsildə liderlik və dəyişikliklər” mövzusunda təlimdə təhsil idarəçiliyində müasir yanaşmalar və effektiv liderin rolu geniş şəkildə təqdim olunub.
Təlimçi Müzəffər İsmayılovun təqdimatında baş tutan “Məktəb idarəetmə sistemləri” mövzusunda sessiyada idarəetmə strukturları, qərarvermə prosesləri və daxili nəzarət mexanizmləri müzakirə edilib.
Təlimçi Azadə Hacıyeva tərəfindən keçirilən “İnsan resurslarının idarə olunması” mövzusunda təlimdə rəhbərlik bacarıqları, məsuliyyət bölgüsü və heyətin motivasiyası məsələlərinə toxunulub.
ADPU–George Washington Universiteti ikili diplom proqramının rəhbəri Tofiq Əhmədovun təqdimatında təşkil olunan “Strateji planlaşdırma və innovativ idarəetmə” mövzusunda təlimdə məktəbdaxili strategiyaların hazırlanması və innovativ yanaşmalar geniş şəkildə izah edilib.
Bununla yanaşı, proqram çərçivəsində iştirakçılar üçün beynəlxalq və yerli səviyyədə yüksək nüfuza malik ekspertlərin iştirakı ilə ustad dərsləri də təşkil olunub.
“Təhsildə Trendlərin İdarə Edilməsi” mövzusunda keçirilən ustad dərsi beynəlxalq ekspert, professor Cengiz Hakan Aydın tərəfindən təqdim edilib. Professor Cengiz Hakan Aydın Avropa Distant Tədris Universitetləri Assosiasiyasının (EADTU) OpenupEd təşəbbüsünün icra heyətinin üzvü, AECT direktorlar şurasının üzvü və Açıq Təhsil Tədqiqatları Mərkəzinin (COER) üzvüdür. O, eyni zamanda OpenPraxis, Distant və Rəqəmsal Təhsil Jurnalı (JODDE) və Təhsildə Dəyişikliklər üzrə Beynəlxalq Jurnalın (IJCE) redaksiya heyətlərində fəaliyyət göstərir. Ustad dərsi çərçivəsində təhsildə qlobal trendlər, rəqəmsallaşma və innovativ tədris modelləri geniş şəkildə müzakirə olunub.
Eyni zamanda, “Təhsil Liderləri üçün Mini MBA Proqramı” çərçivəsində ADNSU-nun rektoru Rüfət Əzizov tərəfindən “Səmərəlilik və İnnovasiya” mövzusunda ustad dərsi keçirilib. Təqdimat zamanı müasir idarəetmədə səmərəliliyin artırılması, innovativ yanaşmaların tətbiqi və təşkilati inkişaf məsələləri iştirakçıların diqqətinə çatdırılıb.
Proqramın növbəti mərhələlərində iştirakçılar təhsil müəssisələrinin effektiv idarə olunması, resursların planlaşdırılması, keyfiyyətin monitorinqi və ictimai iştirakçılığın gücləndirilməsi istiqamətində bilik və bacarıqlarını daha da inkişaf etdirəcəklər.
“Təhsil Liderliyi Akademiyası” Mini MBA Proqramı ölkədə təhsil idarəçiliyinin peşəkar səviyyəsinin yüksəldilməsinə və lider kadr potensialının gücləndirilməsinə mühüm töhfə verməyi hədəfləyir.
Təhsil Liderləri üçün mini MBA proqramı uğurla davam edir
9805.05.2026 - 16:45

