“Birgə və Sağlam” İctimai Birlik tərəfindən “Evdə təhsilə cəlb olunan xüsusi qayğıya ehtiyacı olan şagirdlərin və onların ailələrinin dəstəklənməsi” adlı layihənin icrası davam edir.
“Tehsil365“ xəbər verir ki, layihə çərçivəsində valideynlər üçün evdə təhsil prosesinin daha effektiv təşkili, uşaqların davranışlarının düzgün anlaşılması, müsbət valideyn–uşaq ünsiyyətinin qurulması, xüsusi qayğıya ehtiyacı olan uşaqlara ev mühitində düzgün dəstək mexanizmlərinin tətbiqi, eləcə də valideynlərin psixoloji dayanıqlılığının artırılması və tükənmişliyin qarşısının alınması istiqamətində maarifləndirici və praktik təlimlər təşkil olunub.
Uşaqlar üçün keçirilən məşğələlər onların emosional və sosial inkişafını dəstəkləməyə, davranışlarını daha yaxşı ifadə etmələrinə, ünsiyyət bacarıqlarını gücləndirməyə və sosial mühitə uyğunlaşmalarını asanlaşdırmağa yönəlib. Bu çərçivədə uşaqlarda motivasiya, özünəinam, empatiya və əməkdaşlıq kimi vacib bacarıqların formalaşdırılması, həmçinin gündəlik həyat bacarıqlarının inkişafı və psixoloji rifahın dəstəklənməsi məqsədilə interaktiv və fərdi yanaşmaya əsaslanan fəaliyyətlər həyata keçirilib.
Layihənin əsas məqsədi evdə təhsil alan xüsusi qayğıya ehtiyacı olan şagirdlərin sosial və təhsil inkişafına dəstək vermək, onların ailələrinə psixoloji və pedaqoji dəstək göstərmək, evdə təhsilin keyfiyyətini və inklüzivliyini artırmaq, eyni zamanda valideyn və müəllimlərin inklüziv və xüsusi təhsil sahəsində bilik və bacarıqlarının inkişafına töhfə verməkdir.
Qeyd edək ki, layihə Elm və Təhsil Nazirliyinin 2025-ci il üzrə “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində keçirilir.

