“Son dövrlərdə şagirdlər arasında dərsə marağın azalması halları daha çox müşahidə olunur.Bu vəziyyət tədris prosesinə və ümumi nəticələrə mənfi təsir göstərir”.
Bu sözləri “Tehsil365”ə açıqlamasında pedaqoq Validə Quliyeva vurğulayıb.
Onun sözlərinə görə, maraq azalmasının əsas səbəblərindən biri monoton tədris üsulları və motivasiya çatışmazlığıdır.
“Şagird dərsi yalnız məcburiyyət kimi qəbul etdikdə, onun öyrənməyə olan həvəsi tədricən azalır. Bu isə nəticələrdə də özünü göstərir,” – deyə o bildirib.
O qeyd edib ki, şagirdlərin fərdi xüsusiyyətləri və maraq dairələri nəzərə alınmadıqda, onların dərsə diqqətini cəlb etmək daha da çətinləşir. Onun fikrincə, müasir yanaşmalar və interaktiv üsullar bu problemin həllində mühüm rol oynaya bilər.
Validə Quliyeva vurğulayıb ki, şagirdlərin motivasiyasını artırmaq üçün onları təşviq etmək, kiçik uğurlarını qiymətləndirmək və öyrənmə prosesini daha maraqlı etmək vacibdir. “Maraq olan yerdə nəticə də olur,” – deyə pedaqoq əlavə edib.
Sonda o bildirib ki, dərsə marağın azalması vaxtında aradan qaldırılmadıqda gələcək təhsil həyatında daha böyük çətinliklərə səbəb ola bilər.

