1–3 iyun tarixlərində Türkiyənin Marmara Universitetində Azərbaycan Dillər Universiteti (ADU), Marmara Universiteti və İstanbuldakı Servantes İnstitutunun dəstəyi ilə “İspan dili – akademik ünsiyyət dili” adlı beynəlxalq tədbir təşkil olunacaq.
“Tehsil365” xəbər verir ki, tədbirin əsas məqsədi Azərbaycan və Türkiyədə ispan dilini öyrənən tələbələr arasında akademik ünsiyyət mühitinin gücləndirilməsi, eləcə də müxtəlif mövzular üzrə təqdimat və məruzələr vasitəsilə bilik və təcrübə mübadiləsinin həyata keçirilməsidir. Proqram çərçivəsində iştirakçılar ispan dilində elmi və mədəni mövzularda çıxışlar edəcək, qarşılıqlı akademik dialoq imkanları genişləndiriləcək.
Azərbaycan Dillər Universitetini bu beynəlxalq tədbirdə Tərcümə fakültəsi nəzdində fəaliyyət göstərən Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının baş müəllimi Elvira İmanova, Müasir dillər kafedrasının baş müəllimi Nərgiz Mədətova, həmçinin Tərcümə fakültəsinin ispan dili ixtisası üzrə təhsil alan 8 tələbəsi təmsil edəcək.
Tədbirin həm elmi, həm də mədəni hissədən ibarət olması nəzərdə tutulur.

