Azərbaycan Dillər Universitetinin Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının təşkilatçılığı, həmçinin universitetin İngilis və fransız dilləri fakültəsinin fransızdilli tələbələrinin iştirakı ilə Beynəlxalq Frankofoniya günlərinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbir çərçivəsində tələbələr böyük fransız yazıçısı Guy de Maupassant-ın Boyunbağı novellasının motivləri əsasında hazırlanmış səhnəciyi nümayiş etdiriblər. Səhnəciklərdə yalnız məişət həyatı deyil, eyni zamanda maddi dəyərlərin arxasınca kor-koranə qaçış, cəmiyyətdə süni şəkildə formalaşmış dəyərlər, yalan və saxta təəssüratların aldadıcı mahiyyəti ön plana çəkilib.
Tələbələr əsər vasitəsilə cəmiyyətə sadəlik və dürüstlüyün əhəmiyyətini çatdıraraq “hər parıldayanın qızıl olmadığını” vurğulayıb, sosial status arzusu və təkəbbür səbəbilə sahib olduqlarının qədrini bilməyən insanlara mesaj ünvanlayıblar.
Bədii hissə tədbir tələbələrin ifasında səsləndirilən fransız mahnıları və fransız yazıçılarının şeirləri ilə davam edib.
Sonda sonra İngilis və fransız dilləri fakültəsinin dekanı fil.f.d. dos V. Babayeva, Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri professor G. Sadixova təşəkkür nitqi ilə çıxış ediblər.

