Altıncı “Yüksəliş” müsabiqəsinin qiymətləndirmə prosesinə cəlb olunacaq ekspertlərin seçimi davam edir. Seçim prosesinin növbəti mərhələsi çərçivəsində “CV turu”nu uğurla keçən namizədlər ilk imtahan mərhələsində iştirak ediblər.
Verbal təhlil üzrə keçirilən imtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda baş tutub.
“Tehsil365“ xəbər verir ki,bu barədə müsabiqənin işçi qrupundan bildirilib ki, ekspert seçimi üzrə ümumilikdə 264 nəfər müraciət edib. İmtahanda 244 nəfər iştirak edib.
Verbal təhlil imtahanını uğurla başa vuran namizədlər ekspertlərin seçim prosesinin növbəti mərhələsində iştirak etmək hüququ qazanacaqlar. Növbəti mərhələlərdə namizədlərin bilik, bacarıq və qiymətləndirmə prosesinə uyğunluğu daha geniş şəkildə nəzərdən keçiriləcək.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsində ekspertlərin seçimi şəffaflıq, obyektivlik və peşəkarlıq prinsipləri əsasında həyata keçirilir. Ekspertlər müsabiqənin müxtəlif mərhələlərində iştirakçıların idarəetmə bacarıqlarının qiymətləndirilməsi prosesində mühüm rol oynayırlar.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2025-ci il dekabrın 10-da müvafiq Sərəncam imzalanıb.

