Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsi və Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “1923-dən sonsuzluğa” adlı tədbir keçirilib.
Bu barədə “Tehsil365"ə universitetdən məlumat verilib.
Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı, müstəqilliyimizin qorunması və milli dövlətçiliyimizin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. O bildirib ki, 1993-cü ilin iyun ayında Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda müstəqilliyin, suverenliyin qorunması, ölkədə ictimai-siyasi sabitliyin bərpa edilməsi mümkün olub. Bu uzaqgörən siyasət nəticəsində Azərbaycan inkişaf edən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətə çevrilib, yeni iqtisadi uğurlara imza atıb.
İbrahim Zeynalov Ümummilli Liderin BDU-nun ən böyük məzunu olduğunu vurğulayıb. Qeyd edib ki, Ulu Öndərin universitetdə təhsil illəri, habelə sonralar bu təhsil ocağı ilə sıx əlaqələri BDU-nun şanlı tarixinin mühüm mərhələsini təşkil edir. Ulu Öndərin zəngin siyasi irsinin öyrənilməsi xüsusilə gənc nəsil üçün böyük əhəmiyyət daşıyır. Tələbələr bu irsdən bəhrələnərək milli dəyərlərə bağlı, vətənpərvər və yüksək intellektli vətəndaşlar kimi formalaşmalıdırlar. Dekan bildirib ki, Tarix fakültəsində Ulu Öndərin həyat və fəaliyyətinin tədqiqinə xüsusi diqqət yetirilir, bu istiqamətdə mütəmadi elmi və maarifləndirici tədbirlər həyata keçirilir.
Daha sonra TAİB-in sədr müavini, İdarə Heyətinin üzvü Eyvaz Hünbətov Ümummilli Lider Heydər Əliyevin zəngin mənəvi dünyası, yüksək liderlik keyfiyyətləri və dövlətçilik prinsiplərindən bəhs edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının milli kimliyinin qorunması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və gələcək nəsillərə güclü dövlətin miras qoyulması istiqamətində misilsiz xidmətlər göstərib. Bu gün Azərbaycanın əldə etdiyi uğurlar məhz Ulu Öndərin müəyyən etdiyi strateji kursun nəticəsidir. Gənclər bu zəngin irsdən bəhrələnərək dövlətçilik ənənələrini yaşatmalı və inkişaf etdirməlidirlər.
Tədbirin bədii hissəsində Tarix fakültəsinin tələbələri çıxış ediblər.
Sonda Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

