AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı konfrans keçirilib.
Bu barədə “Tehsil365"ə institutdan məlumat verilib.
Tədbiri açan institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadə görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin müstəqil Azərbaycanın quruculuğu və xalqımızın parlaq gələcəyi üçün misilsiz xidmətlərindən, həmçinin Azərbaycan mədəniyyətinin inkişafında, memarlıq və şəhərsalma sahəsində həyata keçirdiyi böyük işlərdən bəhs edib.
Qeyd olunub ki, görkəmli memar, akademik Mikayıl Hüseynov Heydər Əliyevin birinci hakimiyyət dövrünü “Memarlığın intibah dövrü” adlandırıb. Həmin dövrdə respublikada geniş quruculuq işləri aparılıb, o cümlədən kənd memarlığı sahəsində mühüm addımlar atılıb və institutda qısa müddət ərzində Kənd memarlığı sektoru fəaliyyət göstərib.
İnstitut rəhbəri həmin dövrdə şəhərsalma prosesinin sürətləndiyini vurğulayıb. Qeyd edib ki, Heydər Əliyev müxtəlif layihə təşkilatları tərəfindən hazırlanan 60 şəhərin Baş plan layihələrinə xüsusi diqqət göstərib. Eyni zamanda, Sumqayıt şəhərinin inkişafı və urbanizasiya prosesi, həmçinin Bakıda metro tikintisinin genişləndirilməsi məsələləri diqqət mərkəzində olub. Paytaxtda yaşıllaşdırma işlərinin aparılması, yeni park və bağların salınması istiqamətində də mühüm layihələr həyata keçirilib.
Professor Ərtegin Salamzadə Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi və çoxşaxəli fəaliyyətinin müasir müstəqil Azərbaycan dövlətinin formalaşmasında və inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb. Onun xalq qarşısındakı xidmətlərinin təkcə dövlət quruculuğu ilə məhdudlaşmadığını, milli-mənəvi dəyərlərin qorunması və mədəniyyətin inkişafına verdiyi misilsiz töhfələrlə də səciyyələndiyini söyləyib. O, Ulu Öndərin ideyalarının bu gün də yaşadığını və həyatımızın hər bir sahəsində Heydər Əliyev zəkasının izlərinin göründüyünü vurğulayıb.
Sonra direktor müavini kulturologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasovun “Mütəşəkkil xalq, mübariz ordu birliyini yaradan Lider”, Teatr, kino və televiziya şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əlləz Əhmədovun “Heydər Əliyev Azərbaycan teatrının himayəçisi kimi” mövzularında məruzələri dinlənilib.

