Mayın 6-da Azərbaycan Dillər Universiteti (ADU) və Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.
Bu barədə “Tehsil365"ə universitetdən məlumat verilib. Tədbirdə çıxış edən ADU-nun rektoru akademik Kamal Abdulla Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin, siyasi uzaqgörənliyinin və milli dəyərlərə bağlılığının bu gün də Azərbaycan dövlətinin inkişafında mühüm rol oynadığını bildirib. Rektor vurğulayıb ki, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, milli-mənəvi dəyərlərə hörmətlə yanaşması məhz belə tədbirlər vasitəsilə daha da möhkəmlənir. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı Heydər Əliyev öz müdrik və uzaqgörən siyasəti ilə dövlətçiliyimizin möhkəm təməlini qoyub, ölkəmizin siyasi, iqtisadi və mədəni inkişafının əsas istiqamətlərini müəyyənləşdirib. Ulu Öndərin rəhbərliyi dövründə həyata keçirilmiş islahatlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına, milli birliyin güclənməsinə və dövlət institutlarının formalaşmasına mühüm töhfə verib. Bu gün də Heydər Əliyev ideyaları yaşayır və onun müəyyən etdiyi strateji kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin nəticəsi olaraq Azərbaycan regionun lider dövlətinə çevrilib, mühüm siyasi və iqtisadi uğurlara imza atıb. Qarabağ işğaldan azad olunub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib, uzun illər həsrətlə gözlənilən ədalət və tarixi həqiqət öz yerini tapıb. Bu böyük Zəfər xalqımızın birliyinin, Ordumuzun gücünün və dövlətimizin qətiyyətli siyasətinin nəticəsi kimi tarixə qızıl hərflərlə həkk olunub.
Daha sonra YAP sıralarına yeni qoşulan bir qrup tələbəyə üzvlük vəsiqələri təqdim edilib.
Tədbir bədii hissə ilə davam edib.

