Mayın 5-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Dövlət Dəniz Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində tələbələrlə görüşüb.
“Tehsil365“ Azərbaycan müəllimi-nə istinadən xəbər verir ki, görüşün əvvəlində akademiyanın rektoru vəzifəsini icra edən Eldar Qocayev qonağı salamlayaraq, tələbələrə onun haqqında ətraflı məlumat verib, ölkəmizin təhsil sistemində əhəmiyyətli xidmətləri olan Firudin müəllimin zəngin pedaqoji təcrübəsini vurğulayaraq, onun dəyərli tövsiyələrindən bəhrələnməyə çağırıb.
E.Qocayev qeyd edib ki, Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi illərdə tələbəlikdən yüksək dövlət vəzifələrinədək yüksələn Firudin Qurbanov Heydər Əliyevin milli təhsil siyasətinin yetirməsi olaraq bu günün tələbələri üçün bir nümunədir.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Ümummilli Liderimizin istər dövlət quruculuğunda, istərsə də iqtisadiyyatdan mədəniyyətə qədər ən müxtəlif sahələrdə müstəsna xidmətlərindən söz açıb, onun uzaqgörənliyindən, tarixi qərarlar qəbul etmək bacarığından, milli təəssübkeşliyindən danışıb. O, Azərbaycanın ürəyi olan Qarabağın işğaldan azad olunması uğrunda 44 günlük Vətən müharıbəsinin müasir tariximizdə yeri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli qərarlarında Heydər Əliyev məktəbinin rolu, Azərbaycan əsgərinin Şuşa qəhrəmanlığı barədə fikirlərini bölüşüb, dünya miqyasında gedən mürəkkəb proseslərə münasibətini bildirərək gəncləri informasiya mübarizəsində ayıq-sayıq olmağa çağırıb.
Sonra Firudin Qurbanov tələbələrin çoxsaylı suallarını cavablandırıb, xaricdə təhsil, süni intellektin tədris prosesində rolu, dənizçilik peşəsinin dünyada və ölkəmizdə əhəmiyyəti, bütövlükdə təhsil sistemi qarşısında duran vəzifələr haqqında gəncləri maraqlandıran məsələlərə aydınlıq gətirib.
Görüş çərçivəsində nazir müavini tələbələri maraqlandıran sualları cavablandırıb.

