Sinqapurda məktəbdə zorakılıq edən şagirdlərlə bağlı yeni cəza növü müəyyən edilib.
“Tehsil365” xarici KİV-ə istinadla xəbər verir ki, yeni qərara əsasən, kiberzorakılıq da daxil olmaqla başqa şagirdlərə qarşı zorakı davranışlara yol verən oğlan şagirdlərə sopa cəzası veriləcək.
Bu cəza "son çarə" olaraq tətbiq ediləcək.
Yeni qaydalara görə, şagirdlərə 3 zərbəyə qədər vurmağa icazə verilir.
Sinqapur təhsil naziri Desmond Li parlamentdə çıxış edərkən bildirib ki, fiziki cəza yalnız ağır hallarda və digər intizam cəzaları nəticə vermədikdə tətbiq edilə bilər.
Nazir əlavə edib ki, cəza ciddi nəzarət altında və yalnız məktəb müdiri təsdiqlədikdən sonra verilə bilər.
Linin sözlərinə görə? sopa cəzası verilməzdən əvvəl şagirdin yaşı, yetkinlik səviyyəsi və cəzanın şagirddə müsbət dəyişikliyə səbəb olub olmayacağı kimi kriteriyalara baxılacaq.
Kötək cəzası 9 yaşdan yuxarılara tətbiq edilə bilər.
Qızlara isə intizam, uzaqlaşdırma kimi fərqli cəzalar veriləcək.
Qeyd edək ki, Sinqapur dünyanın ən uğurlu təhsil sistemlərindən birinə sahib ölkələrdən hesab olunur.
UNICEF və Ümumdünya Səhiyyə Təşkilatı kimi beynəlxalq təşkilatlar fiziki cəzanın uşaqların fiziki və psixoloji inkişafına zərər verdiyini iddia edərək bu təcrübəyə qarşı çıxırlar. Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında da fiziki cəzanın uşaqların inkişafına ciddi mənfi təsirləri vurğulanıb.

