Azərbaycan Dillər Universitetinin (ADU) Psixologiya və pedaqogika kafedrasının təşəbbüsü ilə Filologiya fakültəsinin tələbələri üçün Təhsil Muzeyinə tədris-ekskursiya təşkil olunub.
“Tehsil365” xəbər verir ki,tədris-ekskursiya kafedranın baş müəllimi Seyidova Günay tərəfindən həyata keçirilib. Səfər pedaqogika fənni üzrə nəzəri mövzuların mənimsənilməsindən sonra əldə olunan biliklərin əyani şəkildə möhkəmləndirilməsi məqsədi daşıyıb. Ekskursiya zamanı tələbələr keçdikləri mövzulara uyğun olaraq müxtəlif tarixi dövrlərə aid təhsil sənədləri, dərs vəsaitləri, məktəb atributları və digər ekspozisiya nümunələri ilə tanış olub, həmin dövrlərin təlim-tərbiyə xüsusiyyətləri barədə biliklərini genişləndiriblər.
Qeyd olunub ki, bu proses tələbələrin nəzəri biliklərinin praktik müşahidə ilə əlaqələndirilməsinə şərait yaradıb. Eyni zamanda səfərin əsas məqsədlərindən biri tələbələrdə ekskursiya təşkili və idarə olunması bacarıqlarının formalaşdırılması olub. Bu istiqamətdə tələbələr müşahidə, analiz və təqdimetmə vərdişlərini inkişaf etdiriblər.
Ekskursiyada Filologiya fakültəsinin 256a/b və 258–260 qruplarının tələbələri iştirak ediblər.
Səfər həmçinin Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) uyğun olaraq inklüziv və keyfiyyətli təhsilin təşviqinə, ömürboyu öyrənmə imkanlarının genişləndirilməsinə və mədəni irsin qorunmasına töhfə verib. Xüsusilə, fəaliyyət Keyfiyyətli Təhsil (SDG 4) və Davamlı Şəhərlər və İcmalar (SDG 11) istiqamətlərinə uyğun şəkildə həyata keçirilib.

