Məktəb uşağın həyatında ailədən sonra ən vacib sosial mühitlərdən biridir. Uşaq burada yalnız akademik biliklər deyil, həm də sosial davranış, emosional sabitlik və şəxsiyyət formalaşdıran əsas bacarıqları öyrənir. Bəs məktəb mühiti uşağın şəxsiyyətinə ən çox hansı formada təsir edir?
Mövzu ilə bağlı psixoloq Fəridə Musəvi “Tehsil365"ə açıqlama verib.
Psixoloq bildirib ki, “Məktəb mühiti uşağın şəxsiyyətinə əsasən sosiallaşma, emosional inkişaf və davranış qaydalarının mənimsənilməsi vasitəsilə təsir göstərir. Bu mühit uşağın ailədən kənarda ilk böyük ictimai təcrübəsidir.”
Onun sözlərinə görə, məktəb uşağın sosial bacarıqlarının formalaşmasında mühüm rol oynayır: “Uşaq burada həmyaşıdları ilə ünsiyyət qurmağı, paylaşmağı, əməkdaşlıq etməyi və münaqişələri həll etməyi öyrənir. Bu, onun sosial adaptasiyasının əsasını təşkil edir.”
Psixoloq qeyd edib ki, müəllim-şagird münasibəti emosional inkişaf üçün həlledicidir: “Müəllimin yanaşması və sinif mühiti uşağın özünü təhlükəsiz və ya təzyiq altında hiss etməsinə səbəb ola bilər. Düzgün mühitdə uşaq emosiyalarını idarə etməyi öyrənir, əks halda isə narahatlıq və aqressiya yarana bilər.”
Onun sözlərinə görə, məktəb həm də məsuliyyət və intizam hissini formalaşdırır: “Dərs rejimi, tapşırıqlar və qaydalar uşağa zaman idarəçiliyi və məsuliyyət hissi qazandırır. Bu, onun müstəqilliyini inkişaf etdirir.”
Psixoloq əlavə edib ki, məktəbdə əldə olunan nəticələr uşağın özünəinamına birbaşa təsir edir: “Uşağın uğurları və ya çətinlikləri, müəllim və mühitin reaksiyası onun ‘mən’ obrazını formalaşdırır.”
Eyni zamanda o vurğulayıb ki, məktəb dəyərlərin formalaşmasında da rol oynayır: “Məktəb uşağa əxlaq normaları, vətənpərvərlik və ümumbəşəri dəyərlər haqqında anlayışlar qazandırır və onun dünyagörüşünü genişləndirir.”
Sonda psixoloq bildirib ki, “Sağlam məktəb mühiti uşağın balanslı, özünü tanıyan, sosial və emosional baxımdan inkişaf etmiş bir fərd kimi formalaşmasına şərait yaradır.”

