Mayın 5-də Azərbaycan Dillər Universitetinin (ADU) Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının 2025–2026-cı il tədbirlər planına uyğun olaraq, kafedranın təşəbbüsü və baş müəllim Rəna Əhmədovanın təşkilatçılığı ilə Akademik Zərifə Əliyevanin 103-cü ildönümünə həsr olunmuş “Zərif ürək, məğrur qadın” adlı dəyirmi masa keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə kafedranın müəllimləri, İngilis və Fransız dilləri fakültəsinin 324 B, 318 A və 321 A qrup tələbələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda həlak olmuş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra aparıcı tələbə Fidan Dadaşzadə tədbirin mahiyyəti və məqsədi barədə məlumat verib.
Tədbir zamanı tələbələr Səma Abbasova, Səma Novruzlu, Elyanə Hüseynzadə, Rəvanə Məhərrəmova və Leyla Nəcəfli Zərifə Əliyevanin həyatı, elmi fəaliyyəti, insanlara olan qayğısı, zəngin şəxsiyyəti, elmi yaradıcılığı və dövrün çətinlikləri ilə mübarizəsi haqqında ətraflı məlumat veriblər.
Fidan Dadaşzadə tədbir çərçivəsində müxtəlif şeirlər səsləndirib. Tədbirdə Zərifə Əliyevanın həyat və fəaliyyətinə dair videoçarxlar nümayiş olunub, görkəmli şəxsiyyətlərin onun haqqında söylədikləri fikirlər diqqətə çatdırılıb.

