Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Şimali Kipr Türk Cümhuriyyətində fəaliyyət göstərən Girne Amerikan Universitetinin rektoru professor Serdar Yurtseverin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə “Tehsil365” ə AMEA-dan məlumat verilib.
Görüşdə akademik İsa Həbibbəyli son illərdə Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq etdiklərini bildirib. Qeyd edib ki, bu münasibət elmi-mədəni müstəvidə də əməkdaşlıq üçün geniş meydan açır və ötən müddət ərzində Akademiyada keçirilən bir sıra tədbirlərdə Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi də yaxından iştirak edib.
AMEA-nın tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verən akademik İsa Həbibbəyli ötən il Akademiyanın 80 illik yubileyinin Türk dünyasının alimlərinin də iştirakı ilə yüksək səviyyədə qeyd olunduğunu, bu gün AMEA-da humanitar və ictimai elmlərin aktual problemləri, eləcə də süni intellektlə bağlı mühüm tədqiqatların aparıldığını söyləyib.
Akademik İsa Həbibbəyli Milli Elmlər Akademiyasının qeyd olunan istiqamətlərdə Girne Amerikan Universiteti ilə əməkdaşlıq etməyə, birgə konfransların təşkilinə hazır olduğunu vurğulayıb.
Girne Amerikan Universitetinin rektoru professor Serdar Yurtsever Azərbaycan Milli Elmlər Akademiyası ilə də sıx əməkdaşlıq qurmaq niyyətlərini diqqətə çatdırıb.
Görüş zamanı AMEA ilə Girne Amerikan Universiteti arasında əməkdaşlıq müqaviləsinin imzalanmasına dair razılıq əldə olunub.
Çıxışlardan sonra qarşılıqlı hədiyyələr təqdim olunub, qonaqlar AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olublar.
Görüşdə Girne Amerikan Universitetinin baş katibi Aylin Ayhan, rektorun müşaviri Celal Sakka, Biznesin təşkili və idarə edilməsi fakültəsinin əməkdaşı Almula Umay Karamanlıoğlu, həmçinin AMEA-nın Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri dosent Esmira Əlirzayeva və İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri dosent Ağahüseyn Şükürov da iştirak ediblər.

