Pakistanın Ali Təhsil Komissiyasının nümayəndələri AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun qonağı olublar.
İnstitutdan “Tehsil365"ə bildirilib ki, görüşdə elmi işlər üzrə direktor müavini dosent Mehman Həsənli Azərbaycan-Pakistan əlaqələrinin zəngin tarixə malik olduğunu və müasir dövrdə bu əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb. O, Ədəbiyyat İnstitutunda Pakistan ədəbiyyatının öyrənildiyini, bu barədə kitab və məqalələrin yazıldığını, konfrans və elmi sessiyaların keçirildiyini bildirib. Pakistanda Azərbaycan ədəbiyyatına aid, burada isə urdu ədəbiyyatına aid kitabların işıq üzü gördüyünü diqqətə çatdırıb. “Kitabi-Dədə Qorqud”un urdu dilində və “Nizami Gəncəvi” monoqrafiyasının Pakistanda nəşrini yüksək qiymətləndirib.
Pakistan Ali Təhsil Komissiyasının baş direktoru Salemullah Soho təmsil etdiyi qurumun fəaliyyəti haqqında məlumat verərək həyata keçirdikləri proqramlardan danışıb. Azərbaycanda Pakistan ədəbiyyatı ilə bağlı aparılan tədqiqatlara görə təşəkkürlərini çatdırıb.
Digər qonaqlar - Pakistan Ali Təhsil Komissiyasının direktor köməkçisi Meer Hassan və keyfiyyət təminatı üzrə direktor müavini Rehan Jamil də Azərbaycan-Pakistan ədəbi əlaqələrinin əhəmiyyətindən bəhs ediblər.
İnstitutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nigar İsayeva AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Pakistana səfəri və iki ölkənin elmi müəssisələri arasında bağlanmış müqavilələr haqqında məlumat verib.

