Mayın 7-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Yaradıcılıq Fondunun təsis etdiyi “Ədəbiyyat adamı” mükafatının növbəti təqdimetmə mərasimi keçirilib.
“Tehsil365“ xəbər verir ki, ADU-dan bildirilib ki, tədbirdə Fondun sədri, Xalq yazıçısı, universitetin rektoru akademik Kamal Abdulla çıxış edərək “Ədəbiyyat adamı” mükafatının mahiyyəti və Azərbaycan ədəbi-mədəni mühitindəki əhəmiyyətindən danışıb. Rektor bildirib ki, mükafat Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə ədəbiyyat və mədəniyyət sahəsində xidmətləri olan yaradıcı şəxslər üçün təsis edilib. O qeyd edib ki, bu mükafat yalnız bədii yaradıcılığa görə deyil, bütövlükdə ədəbiyyata xidmətə, söz sənətinə sədaqətə, milli-mənəvi dəyərlərin qorunmasına verilən yüksək qiymətin ifadəsidir.
Sonra “Ədəbiyyat adamı” mükafatının builki laureatları - yazıçı-dramaturq Əli Əmirli, yazıçı-publisist Kamran Nəzirli, şair Qulu Ağsəs, şair-publisist Əbülfət Mədətoğlu, şairə və publisist Şahanə Müşfiq, yazıçı Kənan Hacı, şair İntiqam Yaşar, yazıçı Kəramət Böyükçöl, ədəbiyyatşünas Püstə Axundova və filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözova təltif olunublar.
Tədbirdə ADU-nun kafedra müdiri akademik Muxtar İmanov, yazıçı-dramaturq Əli Əmirli, şair-publisist Əbülfət Mədətoğlu, şair Qulu Ağsəs, yazıçı-publisist Kamran Nəzirli, yazıçı Kənan Hacı, şair İntiqam Yaşar və Azərbaycan Yaradıcılıq Fondunun əməkdaşı Həmidə Əliyeva çıxış edərək Azərbaycan ədəbiyyatının dünəni, bu günü və gələcəyi ilə bağlı fikirlərini bölüşüblər. Çıxışlarda vurğulanıb ki, “Ədəbiyyat adamı” mükafatı yalnız təltif deyil, həm də söz sənətinə və ədəbi düşüncəyə verilən yüksək dəyərin göstəricisidir. Bildirilib ki, bu cür layihələr ədəbi mühitin canlı saxlanılmasına, yaradıcı insanlar arasında mənəvi bağların möhkəmləndirilməsinə xidmət edir. Müzakirələr zamanı müasir ədəbi mühitin aktual problemlərinə də toxunulub. Natiqlər yaradıcı şəxslər arasında əlaqələrin genişləndirilməsinin, ali məktəblərdə tələbələrlə ədəbi görüşlərin keçirilməsinin vacibliyini qeyd ediblər. Onların fikrincə, belə təşəbbüslər gənc nəslin ədəbiyyata marağının artırılmasına və mütaliə mədəniyyətinin inkişafına mühüm töhfə verə bilər. Çıxış edənlər vurğulayıblar ki, qloballaşan dünyada Azərbaycan dilinin, milli düşüncənin və ədəbi ənənələrin qorunması çağdaş dövrün əsas vəzifələrindən biridir.
Qeyd edək ki, “Ədəbiyyat adamı” mükafatı ilk dəfə 2018-ci ildə eyniadlı layihə çərçivəsində təsis olunub. Layihənin əsas məqsədi Azərbaycan ədəbi-mədəni mühitinin həm ölkə daxilində, həm də beynəlxalq miqyasda inkişafına dəstək verməkdir. Mükafatın əsas fərqləndirici cəhətlərindən biri onun “rəqibsiz” model əsasında qurulmasıdır. Belə ki, seçim prosesi klassik müsabiqə prinsipləri üzərində deyil, daha çox ədəbiyyata xidmət fəlsəfəsinə əsaslanır. Müxtəlif ədəbi istiqamətlərdə fəaliyyət göstərən şəxslərin təltif olunması mükafatın inklüziv və mənəvi baxımdan əhatəli xarakterini gücləndirir. Layihə çərçivəsində hər il may ayında tanınmış şairlər, yazıçılar, ədəbiyyatşünaslar və ədəbi tənqidçilər “Ədəbiyyat adamı” mükafatına layiq görülürlər. Mükafatın may ayında təqdim olunması isə simvolik məna daşıyır və milli yaddaşla ədəbi düşüncənin vəhdətini ifadə edir.

