Azərbaycan Dillər Universitetinin (ADU) İngilis və fransız dilləri fakültəsi nəzdində fəaliyyət göstərən Linqvokulturologiya kafedrasının dosenti Elina Fərəcovanın təşkilatçılığı ilə İngilis və alman dilləri fakültəsinin 309A qrup tələbələri üçün Ulu Öndər Heydər Əliyevin 103 illiyinə həsr olunmuş “Urban Development and Architecture in Azerbaijan: the Legacy of Haydar Aliyev” mövzusunda açıq dərs keçirilib. Açıq dərs ölkədə elan olunmuş “Şəhərsalma və memarlıq ili” çərçivəsində təşkil edilib.
“Tehsil365” xəbər verir ki, dərs zamanı tələbələr Azərbaycan şəhərlərinin müasir inkişaf mərhələləri, ölkədə həyata keçirilən memarlıq və şəhərsalma layihələri, eləcə də Heydər Əliyevin Azərbaycanın urban inkişaf strategiyasının formalaşmasında rolu barədə təqdimatlarla çıxış ediblər. Tədbirdə Bakı şəhərinin simasının yenilənməsi, tarixi-mədəni irsin qorunması və müasir memarlıq nümunələrinin yaradılması istiqamətində görülən işlər geniş müzakirə olunub.
Açıq dərs interaktiv formatda keçirilib, tələbələrin mövzu ilə bağlı fikir mübadiləsi və müzakirələri xüsusi maraq doğurub. Dərsin əsas məqsədi tələbələrin həm dil bacarıqlarının inkişaf etdirilməsi, həm də onların milli-mədəni dəyərlər, şəhərsalma və memarlıq sahəsində biliklərinin artırılması olub.
Sonda Linqvokulturologiya kafedrasının müdiri professor Vüsalə Ağabəyli çıxışında belə müzakirələrin tələbələrin dilini inkişaf etdirməklə yanaşı dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, dilin öyrənilməsi yalnız kommunikasiya vasitəsi deyil, eyni zamanda xalqın tarixi, mədəniyyəti və milli irsinin öyrənilməsi baxımından da əhəmiyyətlidir.

